Mingəçevir Dövlət Universitetinin (MDU) sıx tərəfdaşlıq etdiyi qardaş ölkənin Ankara Hacı Bayram Veli Üniversitesindən (AHBVÜ) MDU-nun kitab fonduna turizm mövzusunda növbəti dəfə yeni kitablar, dərsliklər hədiyyə olunub.
Qeyd edək ki, Türkiyədə turizm təhsili üzrə qabaqcıl ali təhsil müəssislərindən biri hesab olunan AHBVÜ MDU-da Turizm fakültəsinin qurulmasına, turizm ixtisaslarında tədrisin məzmununun təkmilləşdirilməsinə və turizm sahəsində tədqiqat fəaliyyətinin gücləndirilməsinə davamlı dəstək göstərir.
MDU-nun rektoru Şahin Bayramov əməkdaşlığa və dəstəyə görə AHBVÜ-nin rektoru, Prof. Dr. Mehmet Naci Bostancıya, Turizm Fakültəsinin dekanı, Prof. Dr. İrfan Yazıcıoğluna və AHBVÜ-nin MDU-da fəaliyyət göstərən qonaq professoru Prof. Dr. Evren Güçerə, eləcə də AHBVÜ İktisadi Ve İdari Bilimler Fakültesi İşletme Bölüm Başkanı Prof. Dr. Cihan Tanrıövenə və Öğretim üyesi Prof. Dr. Metehan Tolona təşəkkürlərini çatdırıb.
AHBVÜ-dən MDU-nun kitabxanasına hədiyyə edilmiş yeni dərsliklərdən əməkdaşlar, tələbələr, magistrantlar və məzunlarımız faydalana bilərlər.