Tvinninq layihəsinin icra vəziyyəti müzakirə edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin idarəetmə komitəsinin növbəti iclası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval və Litvadan olan rəhbəri Giedrius Viliunas, layihənin Fransa üzrə əlaqələndiricisi Liza Baydanova məruzə ilə çıxış ediblər. Layihə üzvləri ali təhsil sisteminin Avropa ali təhsil məkanına uyğunlaşacağına öz inamlarını ifadə edib, növbəti rüb ərzində planlaşdırılan tədbirlərin müzakirəsini aparıblar.
Bundan başqa, layihə rəhbərləri nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev və elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə görüşüblər. Görüşdə layihənin icrası ilə bağlı məsələlərə toxunulub.
Layihənin idarəetmə komitəsinin növbəti iclasının fevralın sonunda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
{phocagallery view=category|categoryid=259|limitstart=0|limitcount=0}