Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən “Tyutor xidməti – 2024” təlimləri növbəti günlərdə də uğurla davam edir. Təlim proqramı çərçivəsində müxtəlif mövzularda seminarlar keçirilib.
Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova, Tədris şöbəsinin müdir müavini Səbuhi Qəhramanov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev, Təhsil fakültəsinin akademik məsləhətçisi Afiqə Əhmədova, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva və İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova təlimlərin növbəti günlərində “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbənin fərdi tədris planının tərtibi (praktik hissə)”, “Tələbənin hüquq və vəzifələri”, “Yay semestrinin təşkili (praktiki hissə)”, “Tələbə və müəllim mobilliyi”, “Tələbələrə psixoloji dəstək zəmnində tyutorların rolu” və “Təqdimat bacarıqları” mövzularında dərin bilgilər veriblər.
Bu mövzular çərçivəsində keçirilən təlimlərdə iştirakçılara həm nəzəri, həm də praktiki biliklər aşılanıb. Təlimlər zamanı iştirakçıların mövzulara dair sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.
Təlim proqramı digər qrupun iştirakı ilə davam etməkdədir. Təlimlərin sonunda isə iştirakçılar arasında monitorinq və qiymətləndirmə aparılacaq. MDU-da təlimlərə göstərilən yüksək maraq və aktiv iştirak təlimlərin uğurla davam etməsini təmin edir.