Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub.
Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı professor Musa Atar və akademik heyət üzvləri ilə görüşüb.
Görüşdə Qazi Universitetinin Texnoloji fakültəsi ilə MDU-nun Mühəndislik fakültəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb və konkret istiqamətlər üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qazi Universiteti Texnoloji fakültəsindən təcrübəli professorların MDU-da bir tədris ili müddətində akademik fəaliyyətlərə cəlb olunması ənənəsi təqdir olunaraq, gələcəkdə bu istiqamətdə fəaliyyətlərin davamlı olması arzulanıb.
Sonra MDU ilə əməkdaşlığa töhvə verən Qazi Universitetinin Texnoloji Fakültəsinin allkademik heyət üzvlərinin mükafatlandırılması mərasimi keçirilib. MDU-da ustad dərslərin təşkilində, kitabxana fondunun zənginləşdirilməsində əməyi və dəstəyi olan Qazi Universiteti əməkdaşları MDU rektorunun təşəkkürnamələri ilə təltif olunublar.
Daha sonra, xatirə şəkilləri çəkdirilib.
MDU nümayəndə heyəti, həmçinin Texnoloji fakültənin tədris binaları, auditoriyaları, laboratoriyaları və digər infrastrukturları ilə tanış olub.
Qeyd edək ki, MDU-da mühəndislik təhsilinin məzmununun təkmilləşdirilməsi məqsədilə Qazi Universitetinin Texnoloji fakültəsi ilə işbirliyinə xüsusi əhəmiyyət verilir.