MDU-nun rektoru Anar Eminovun müvafiq əmrinə əsasən Samirə Famil qızı Əhmədova Beynəlxalq əməkdaşlıq ofisinin müdiri vəzifəsinə təyin olunub.
Samirə Əhmədova 2001–2005-ci illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində ingilis dili ixtisası üzrə bakalavr, 2007–2009-cu illərdə isə Dilşünaslıq (İngilis dili) ixtisası üzrə magistratura təhsilini uğurla başa vurub. Hal-hazırda Gəncə Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Sloveniyanın Nova Qoritsa Universitetinin birgə proqramı çərçivəsində “Dünya ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru (PhD) pilləsi üzrə tədqiqat aparır. 2021–2022-ci illərdə doktorantura araşdırmalarını Sloveniyada davam etdirib.
Pedaqoji fəaliyyətinə 2005-ci ildə Mingəçevir Turizm Kollecində ingilis dili müəllimi kimi başlayan Samirə Əhmədova bu illər ərzində Britaniya Şurası (British Council) və Şotlandiyanın Stevenson kollecinin birgə layihəsi olan “Skills and Work” proqramında koordinator və tərcüməçi, Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində INFINITY layihəsinin yerli koordinatoru, “Akademy Group” təhsil şirkətində regional koordinator və menecer, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarında BEGOC təşkilatında Məkan əməliyyatları üzrə menecer (Venue Operations Manager) kimi fəaliyyət göstərmişdir.
2007-ci ildən bu günə qədər Mingəçevir Dövlət Universitetində (keçmiş Mingəçevir Politexnik İnstitutu) ingilis dili müəllimi kimi çalışır. 2014-cü ildə Portuqaliyanın Lissabon Universitetində Erasmus Mundus layihəsi çərçivəsində Beynəlxalq əlaqələr üzrə ixtisasartırma kursunu başa vurmuş, 2016-cı ildən etibarən universitetdə Beynəlxalq əlaqələr şöbəsinin yaradılmasına təşəbbüs göstərmiş və həmin şöbənin koordinatoru kimi çalışmışdır.
O, müxtəlif beynəlxalq layihələr çərçivəsində Avropanın nüfuzlu universitetlərində təlimlərdə iştirak etmiş, beynəlxalq əməkdaşlıq sahəsində zəngin təcrübə qazanmışdır.
Samirə Əhmədovanı yeni vəzifə təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
