2024-cü ilin avqust ayında Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən “Tyutor xidməti-2024” təlim proqramı uğurla başa çatıb. MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimat bacarıqları” mövzularını əhatə edib.
MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov tədrisin təşkilində keyfiyyətin artırılması, universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb. Daha sonra Ü. Zeynalov proqramı müvəffəqiyyətlə başa vuran təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edib, təşkilati işlərdə əməyi olanlara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.