2024-cü il aprelin 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov tərəfindən “Makroiqtisadiyyat” fənnində “Makroiqtisadi qeyri-sabitlik və inflyasiya” mövzusunda ustad dərsi keçirilib. Dərsdə fakültə dekanlığı, “İqtisadiyyat” və “Sənayenin təşkili və idarəetmə” kafedralarının bir qrup əməkdaşı, İ22.1, İ22.2 və MU22 qruplarının tələbələri iştirak edib.
Ustad dərsində inflyasiya prosesinin mahiyyəti, məzmunu, sosial-iqtisadi nəticələri, ona qarşı tədbirlərin öyrənilməsinin aktuallığı, inflyasiyanın yaranma səbəbləri və tənzimlənməsinin yolları barədə məlumat verilib, diqqət yetirilməli məqamlardan söhbət açılıb. Dövlət Statistika Komitəsindən əldə edilən məlumatlara əsasən əhali gəlirləri ilə inflyasiya arasındakı koreliyasiya əlaqəsi təhlil edilmişdir.
G.Şəfaqətov sonra inflyasiyanın mahiyyətinin geniş izahına başlayaraq bildirib ki, iqtisadi inkişaf üçün böyük təhlükə hesab edilən inflyasiyanın iqtisadi və sosial təsirləri çoxspektirlidir.
Daha sonra mövzuya uyğun olaraq tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.