Ulu Öndərimizin ruhu şaddır: xalqımız doğma Qarabağına qovuşdu –
AZƏRTAC-ın xüsusi layihəsi
Bakı, 12 dekabr, AZƏRTAC
Xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından 17 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib, Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılıb. Zamanın dəyişə bilmədiyi yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbətidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.
Bu gün oğul İlham Əliyevin 17 illik prezidentliyi dövründə qurulmuş Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır, onun arsenalında çoxlarının həsəd apardığı ən müasir silahlar var. Öz liderinə, Ali Baş Komandanına inanan və güvənən bu ordu, igid Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.
Bu gün Ulu Öndərimizin ruhu şaddır.
Ümummilli lider Heydər Əliyev bənzəri olmayan bir ömür yaşayıb. Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təntənəli sürətdə qeyd olunduğu bu günlərdə bir daha xatırlanır, yaddaşlar təzələnir. Bu böyük ömrün fotolarda əbədiləşən təsirli anları bizi Heydər Əliyevli günlərə qaytarır.
AZƏRTAC Ulu Öndərin xatirə gününə həsr olunmuş xüsusi layihəni təqdim edir.
Tənəzzüldən yüksəlişə gedən yol
Azərbaycanın ən yeni tarixi, qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçib. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır.
Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə həyatın ritmi büsbütün dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr – məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı, Azərbaycan intibah dövrünə qədəm qoydu.
Aşağıdakı fotolar özündə həmin anları canlandırır, bizi xəyalən həmin illərə qaytarır.
Xalqın qürur və iftixar mənbəyi
Azərbaycan xalqı Heydər Əliyevlə qürur duyur. O, SSRİ kimi nəhəng dövlətin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü idi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdi. Bu təyinatlar Azərbaycanda böyük sevinc doğurmuş, əsl bayram əhval-ruhiyyəsi yaratmışdı.
Azərbaycanın böyük oğlu Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, bizim xeyrimizə oldu. Öz nüfuzundan və tutduğu yüksək vəzifələrin yaratdığı imkanlardan istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı.
Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilaf səbəbindən vəzifəsindən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi.
Böyük xilaskarın qayıdışı
Vətənin ağır günlərində – 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana qayıtdı. Onun xalq arasındakı nüfuzundan qorxuya düşən o vaxtkı iqtidar Heydər Əliyevin Bakıya yolunu kəsdi. Bu səbəbdən Ulu Öndər doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.
Ulu Öndər muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda ucaltdı, Yeni Azərbaycan Partiyasının təməlini qoydu.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Azərbaycan böyük bəlalarla – xaos və anarxiya, vətəndaş müharibəsi, müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda köməyə yenə Heydər Əliyev yetişdi. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər bu təhlükələri dəf edərək milli dövlətimizi qurmağa başladı. Həmin illərdə milli maraqlara söykənən xarici siyasət kursu formalaşdırıldı, ölkədə yaradılan ictimai-siyasi sabitlik quruculuq işlərinə yol açdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Ulu Öndər daxili və xarici siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də ardıcıl səylər göstərirdi. Cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşürdü. Bu, orduda böyük ruh yüksəkliyi yaratdı və nəticədə düşmənin yeni işğal planlarının qarşısı alındı.
Həmin vaxt çəkilmiş fotoşəkillər Heydər Əliyevin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirir.
“Əsrin müqaviləsi” ilə başlayan dirçəliş dövrü
1994-cü ildə Azərbaycan investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair sonradan “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın inkişafına yol açdı.
Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Azərbaycanın təşəbbüsü olan digər mühüm layihənin -Cənub Qaz Dəhlizinin sonuncu hissəsi başa çatmaq üzrədir. Bu transmilli enerji və nəqliyyat layihələri Azərbaycanın dünya miqyasında, Avropanın enerji təhlükəsizliyində rolunu artırır və ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.
Ulu Öndərin layiqli varisi İlham Əliyev Azərbaycanı inamla irəli aparır
Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində ona özü qədər inandığını deyir və bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.
Zaman Ulu Öndərin bu inamını təsdiqlədi. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi daim irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentini hamılıqla dəstəkləyir. Azərbaycan qələbədən-qələbəyə doğru inamla addımlayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur.
{phocagallery view=category|categoryid=473|limitstart=0|limitcount=0}