Qədim dövrlərdən Novruz bayramına qədər el arasında yeddi çərşənbə edilib. Bunun üçü Kiçik çilləyə, dördü isə Boz aya düşür. Kiçik çillədən başlayaraq xalq təbiətdə bir canlanma oyanış baş verdiyinə inanır. Dediyimiz yeddi çərşənbədən üçü “oğru çərşənbə” , “oğru buğ”, “oğru üskü”, dördü isə “doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”, “cəmlələr” adlanır. Çərşənbələrin sayının yeddi olması təsadüfi xarakter daşımır. Bu rəqəmlərin simvolikası ilə bağlıdır. Qaynaqların verdiyi məlumata görə yeddi sayı qədim şumerlərdə kainatın işarəsi imiş.
Xatırladığımız yeddi çərşənbənin hər birinin məxsusi cizgiləri, ayin və mərasimləri vardır. Düzdür, “oğru çərşənbə” , “oğru buğ”, “oğru üskü” adlanan çərşənbələrin dörd ilaxır çərşənbələr qədər rolu böyük deyil, amma, inama görə, həmin çərşənbələrdə də az-çox torpağa buğ-istilik gəlir. Bu çərşənbələrin hər üçündə insanlar yandırdıqları tonqalların üstündən hoppanmaqla bərabər, bu tonqalda yandırdıqları lopanı üç dəfə ev-eşiyin dövrəsinə dolandırıb:
Qaçın, qaçın, şeytanlar,
Sizi oda qalaram-
Deyə-deyə ovsun edirlər. Ayində şər qüvvələrin qorxub qaçması, bir daha həmin evə yaxın düşməyəcəyi inamı ifadə olunub.
Boz ayda qeyd olunan dörd ilsonu çərşənbələr öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə həmişə seçilib. Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”, ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”, üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.
Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Külə çərşənbə, Kül çərşənbə, Su çərşənbəsi, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Boz ayda qeyd edilən ikinci çərşənbə xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında Toz çərşənbə, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır.
İnanclar:Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar.
Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
Səadət Ağakişiyeva
Humanitar fənlər kaferdasının müəllimi