Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) fəxri professoru adına layiq görülüb.
KEU Elmi Şurasının 2 oktyabr 2023-cü il tarixli bu qərarı MDU rektorunun universitetlərarası əməkdaşlığın inkişafına verdiyi töhfələrə, eləcə də onun elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərə əsasən qəbul edilib. Bildirilib ki, 2022-ci ilin sentyabrında Bişkekdə Dünya Rektorlar Forumunda Ş.Bayramovun iştirakı ilə MDU və KEU arasında anlaşma memorandumu imzalanmışdır. MDU rektoru KEU-nun geniş tərkibdə rəhbər heyəti ilə görüşlər keçirmiş və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrdə fəal iştirak etmişdir. Bununla yanaşı, Ş.Bayramov KEU kollektivi qarşısında “Yeni dövrün universitetinin qurulması” mövzusunda keçirilən seminarda rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsini bölüşmüşdür. Bundan əlavə, 2022-ci ilin dekabrında MDU-da keçirilən “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda, eləcə də 2023-cü ilin dekabrında keçiriləcək “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfranslara KEU-nun tərəfdaşlıq etməsində MDU rektorunun rolu müsbət dəyərləndirilib. Eyni zamanda, MDU rektoru və onun rəhbərlik etdiyi professor-müəllim heyəti üzvlərinin 2023-cü ilin oktyabrında KEU-da keçirilən “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransın plenar və bölmə iclaslarında çıxış edərək bu elmi tədbirin işinə əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, MDU rektoru Ş.Bayramova fəxri professor diplomu oktyabrın 25-də Qırğız İqtisad Universitetinin 70 illiyinə həsr olunan təntənəli yubiley mərasimində iştirakı zamanı təqdim edilib.