Xocalı soyqırımı Azərbaycan tarixinin XX yüzillikdə ən qanlı səhifələrindən biridir. Üzərindən 31 il ötməsinə baxmayaraq, bu gün də hadisələrə nəzər saldıqda hamını bir sual düşündürür: Xocalı soyqırımı baş verməyə bilərdimi? Aparılan təhlillər göstərir ki, Xocalı soyqırımının baş verməsi üçün tarixi şərait süni şəkildə yaradılmışdı və soyqırımının baş verməsi həmin dövrdə labüd idi. Faciənin baş verməsi üçün süni şəkildə yaradılan şəraitin bütün məsuliyyəti isə respublikanın o dövrkü rəhbərliyinin üzərinə düşür. Əslində, Xocalı faciəsinin baş verməsi üçün həm də tarixi zəmin mövcud idi. Belə ki, bu soyqırımı şüurlu şəkildə düşünülmüş məkrli planın nəticəsi, erməni cəlladlarının ötən əsrin əvvəllərindən başlayaraq zaman-zaman xalqımıza qarşı apardığı mənfur soyqırımı və deportasiya siyasətin məntiqi davamı idi.
Xocalı faciəsinə gedən ən qısa yol 1991-ci ilin payızından başlayır. 1991-ci ilin 19 noyabrında Xocavənd sakinlərini amansızlıqla öz yurdlarından qovan, noyabrın 20-də Azərbaycanın qeyrətli oğullarının bir qrupunun olduğu vertalyotu partladaraq 23 nəfəri qətlə yetirən ermənilər əslində elan olunmamış müharibəni çoxdan başlamışdılar. Quduz erməni silahlıları bir-birinin ardınca azərbaycanlılar yaşayan kəndləri viran qoyur, əhaliyə ağır divan tuturdular. Respublikanın o dövrkü rəhbərliyi Ayaz Mütəllibov başda olmaqla hələ də Moskvadan “kömək” gözləyir və faciəyə aparan şəraitin qarşısını almaq üçün heç bir əməli addım atmırdı. 1992-ci ilin yanvarın 13-də Meşəlini, fevralın 12-də Malbəylini və Quşçuları, fevralın 17-də isə Qaradağlı kəndlərini ələ keçirən ermənilər Xocalının mühasirə həlqəsini qapatdılar. Şəhərlə yeganə əlaqə yalnız vertalyot vasitəsilə həyata keçirilirdi. Şəhərə elektrik verilişi də dayandırılmışdı. Xocalının yeganə xilas yolu Əsgəranın ermənilərdən təmizlənməsi və Ağdam-Xocalı yolunun açılması ola bilərdi. Lakin təəssüf ki, başı hakimiyyət uğrunda mübarizəyə qarışmış o dövrkü iqtidar bu addımı atmaq niyyətində deyildi. Əsgəranın ermənilərdən təmizlənməsi planı müxtəlif bəhanələrlə uzadılırdı. Hücum planı əvvəlcə fevralın 20-nə, daha sonra 22-nə və nəhayət fevralın 25-dək uzadılsa da, bu plan baş tutmadı.
Beləliklə, Xocalı ölümə məhkum edildi. Fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları və Rusiyanın hələ sovet dönəmindən Xankəndində ilişib qalmış 366-cı motoatıcı alayı Xocalıya hücum edərək XX əsrin ən dəhşətli faciəsini – Xocalı soyqırımını törətdilər. 7 mindən çox əhalisi olan Xocalı yerlə-yeksan edildi. Soyqırımı zamanı 613 nəfər dinc əhali öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi. 8 ailə büsbütün məhv edildi.
Beləliklə, Xocalı soyqırımı erməni şovinizminin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi oldu.
Təəssüflə qeyd edilməlidir ki, 1992-ci ildə törədilməsinə baxmayaraq Xocalı soyqırımı öz hüquqi-siyasi qiymətini həmin dövrdə ala bilmədi. Hətta 1993-cü il fevralın 23-də “Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması” haqqında imzalanmış Prezident fərmanı da yalnız kağız üzərində qaldı. Xocalı qətliamı öz əsl hüquqi-siyasi qiymətini Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ala bildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etdi. Xocalı faciəsinə böyük həssaslıqla yanaşan Prezident Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncam imzalandı. Sərəncama əsasən hər il fevralın 26-sı saat 1700-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqrımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi məsələsi bugünkü iqtidarın da əsas diqqət mərkəzindədir. Bu gün bütün səylər Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinə yönəldilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü xarici siyasətinin bir istiqamətini də məhz Xocalı soyqırımının və digər Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması işi təşkil edir.
31 il sonra Xocalı faciəsinə diqqət yetirdikdə bir daha əmin oluruq ki, bu, Azərbaycan tarixində baş vermiş adi bir hadisə deyil. Bu hadisəni təkcə milli faciə və ya soyqırımı nöqteyi-nəzərindən qiymətləndirməklə də kifayətlənmək olmaz. Xocalı soyqırımı Azərbaycan tarixində böyük ideoloji və ideya-siyasi əhəmiyyəti olan bir hadisədir. Xocalı soyqırımı hər şeydən əvvəl tarixin daş yaddaşından üzü bu tərəfə süzülüb gələn bir tarixi həqiqəti ortaya qoydu: “qarı düşmən dost olmaz”. Dədəmiz Qorqudun bizə vəsiyyət etdiyi, 1300 ildən artıq yaşı olan bu kəlamın həqiqiliyi məhz Xocalı soyqırımında bir daha öz təsdiqini tapmış oldu. Xocalı faciəsi bizə dostumuzu və düşmənimizi bir daha tanıtdı, tarixi yaddaşımızı cilaladı. Xocalı soyqırımı məhz XX yüzilliyin sonlarında bir daha tarixin dərslərindən ibrət götürməyi, tarixi unutqanlığımıza son qoymağı bizə xatırlatdı. Xocalı soyqırımı xüsusilə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyətə malik olan bir hadisədir.
Müasir tariximizin dönüş nöqtəsi olan 44 günlük Vətən savaşı Azərbaycan gəncliyinin necə vətənpərvər və mübariz olduğunun ən bariz nümunəsinə çevrildi. Lakin hesab edirik ki, bu istiqamətdə qarşımızda hələ çox vəzifələr dayanır. Unutmamalıyıq ki, qarşımızada dayanan düşmən Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-mədəni irsə sahib ola biləcək qədər məkrlidir. Dəmir Yumruqdan ağır zərbələr almasına baxmayaraq hələ də öz çirkin niyyətlərində israr etməkdədir. Buna görə də Azərbaycan gəncliyi daim sayıq olmalıdır, öz tarixi keçmişini, tarixi coğrafiyasını, etno-mədəni irsini dərindən bilməli və ona sahib durmağı bacarmalıdır. Bu gün informasiya cəmiyyəti şəraitində yaşadığmız bir dövrdə üzdəniraq Ermənistan Respublikası ilə apardığımız mübarizənin mühüm bir hissəsini də məhz informasiya mübarizəsi təşkil edir. Bu mübarizədə uğur qazanmaq üçün isə Azərbaycan gəncliyi xüsusilə fəal olmalıdır. Ölkə başçısı cənab İlham Əliyev də çıxışlarının birində demişdir: “Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olacağımız işlər hələ çoxdur. Bu yolda bütün imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik”. İnanırıq ki, Azərbaycan gəncliyi ölkə başçısının bu çağırışı ətrafında sıx birləşərək, bu informasiya mübarizəsində üzərinə düşən bütün vəzifə və imkanlardan daha səmərəli şəkildə istifadə edəcəkdir.
Nizami Zeynalov
tarix üzrə fəlsəfə doktoru, dosent
Mingəçevir Dövlət Universiteti