Bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının törədilməsindən 31 il ötməsinə baxmayaraq, ermənilərin törətdiyi bu vəhşi cinayət aktı təəssüflər olsun ki, hələ də dünya birliyi tərəfindən lazımi hüquqi qiymətini almamışdır. Təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olan Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması, bu cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini alması, cinayətkarların məsuliyyətə cəlb edilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Son dövrlərdə Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda təbliği sahəsində Azərbaycan dövləti tərəfindən xeyli işlər görülmüşdür. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat kampaniyası aparılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında İslam Konfransı Gənclər Forumu ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilməsi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır. Daha dəqiq desək, 2008-ci il mayın 8-dən İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralından start verilən və hazırda 70-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz töhfəsini verməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə hüquqi-siyasi qiymətin verilməsinə və bu qanlı soyqırımı qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Məhz “Xocalıya ədalət” beynəlxalq kampaniyasının səyi ilə Xocalı soyqırımının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilmişdir. Xocalı soyqırımının adı Srebrenitsa, Xolokost kimi soyqırımları və qətliamlarla bir sırada çəkilib. “Xocalıya ədalət!” kampaniyası fəaliyyət göstərdiyi 10 il ərzində addımbaaddım Xocalı həqiqətlərinin dünya birliyinə çatdıraılması istiqamətində çoxsaylı və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ 2008-ci ilin oktyabr ayında Leyla xanım Əliyevanın təklifi ilə İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransında ermənilərin Xocalıda törətdikləri qətliam haqqındakı həqiqətlərin İsalm Konfransı Təşkilatına üzv ölkələrin ali məktəb dərsliklərinə salınması haqqında mühüm qətnamə qəbul edilmişdir. 10 dekabr 2010-cu ildə İnsan Hüquqları Günü həftəsinə həsr olunmuş tədbir çərçivəsində isə “Xocalıya ədalət!” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilmiş, kampaniyanın “Facebook”, “Twitter” və “Youtube” kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir. Bütün bunlar isə kampaniyaya, həm də sosial şəbəkələr vasitəsilə öz fəaliyyətini daha da genişləndirmək imkanı vermişdir. Təkcə 2010-cu ildə həyata keçirilən tədbirlər sayəsində dünyanın 50-dən çox ölkəsi, 125 təşkilatı və 130 mindən çox adam bilavasitə kampaniyanın işinə cəlb edilmişdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan gərgin və məqsədyönlü iş nəhayət ki, 2011-ci ildən özünün ilk bəhrələrini verdi. İlk olaraq ABŞ-ın Texas və Nyu-Cersi ştatları, onların ardınca isə 2012-ci ildə Meksika, Pakistan və Kolumbiya dövlətləri Xocalı soyqırımını rəsmən tanıyan dövlətlər oldular. Bu uğurlardan ruhlanan kampaniya öz fəaliyyət dairəsini daha da genişləndirdi. 2014-cü ildə kampaniyanın fəaliyyəti artıq, dünyanın 70-dən çox ölkəsini əhatə edirdi. 2013 və 2014-cü illərdə daha 3 dövlət və ABŞ-ın daha 10 ştatı Xocalı soyqırımını tanıdılar. Beləliklə, 2014-cü ildə cəmi 5 yaşı tamam olan “Xocalıya ədalət!” kampaniyası 100 illik təbliğat sayəsində dünyada bərqərar olan “erməni mifi”ni dağıtmağa nail oldu. “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətini beynəlxalq səviyyədə daha da genişləndirmək məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyası istiqamətində tədbirlər planı haqqında” Sərəncam imzalandı. Sərəncam kampaniyanın fəaliyyətində yeni mərhələnin başlanğıcını qoydu. Leyla xanım Əliyevanın bilavasitə rəhbərliyi altında “Xocalıya ədalət!” kampaniyası öz fəaliyyət dairəsini daha da genişləndirərək Xocalı soyqırımının tanıdılması istiqamətində yeni uğurlara imza atdı. Təkcə 2016-cı ildə daha bir dövlət və ABŞ-ın 4 ştatı Xocalı soyqırımını tanıdılar. 2017-ci ildə isə Cibuti Respublikasının Milli Assambleyası Xocalı soyqrımının tanınması ilə bağlı qətnamə qəbul etmişdir. Beləliklə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu gün Xocalı soyqırımı dünyanın 15 dövləti və ABŞ-ın 21 ştatı tərəfindən tanınmaqdadır. İki gün öncə, 23 fevralda Belçikanın paytaxtı Brüsseldə izdihamlı “Ümumavropa Qarabağ mitinqi”nin keçirilməsi kampaniyanın ən uğurlu addımlarından biri hesab edilməlidir.
Lakin qeyd etmək lazımdır ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması işi təkcə dövlət qurumlarının deyil, həm də qeyri-dövlət təşkilatlarının və ayrı-ayrı vətəndaşların, o cümlədən biz gənclərin fəaliyyətinin əsas istiqamətinə çevrilməlidir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Bizim hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, bu kampaniyalara dəstək verməliyik. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər kəsin üzərinə düşən özünəməxsus məsuliyyət payı var. Hamı bu məsuliyyəti başa düşməlidir və heç kəs gözləməməlidir ki, bunu kimsə başqaları etsin”.
Hörmətli konfrans iştirakçıları, Mehriban xanım Əliyevanın çağırışına qoşularaq biz də hesab edirik ki, bu gün siyasi mövqeyindən, ictimai mənşəyindən, sosial mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir azərbaycanlı özünü bu ruhda kökləməli, xüsusən də Xocalı soyqırımını dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəməməlidir. Bunu ilk növbədə, hər bir azərbaycanlının vicdan səsi, vətəndaşlıq məsuliyyəti tələb edir.
Nizami Zeynalov
Tarix üzrə fəlsəfə doktoru, dosent
Mingəçevir Dövlət Universiteti