Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gəldikdən sonra respublikanın sosial-iqtisadi həyatının əsas sahələrindən olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmiş, bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Ülu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə yeni elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə – 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edilmiş, 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzinin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilmiş, 1982-ci ildə isə gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır.
Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının – “Azərbaycan İES”-in təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması, tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Stansiyanın birinci enerji bloku ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir.
Ümumilikdə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə həm də elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.
1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan ulu öndərimiz milli iqtisadiyyatın bütün sahələrinə, o cümlədən, elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Milli iqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetika sistemində də böhran vəziyyəti yaranmış, sistemin ahəngdar işi isə pozulmuşdur. Ümummilli liderimiz enerji sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı və faydalı əlaqələr qurulması xarici sərmayələrin cəlb olunması enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, elektroenergetika təsərrüfatının yenidən qurulması hazırda da məqsədyönlü şəkildə istifadə olunur.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla həyata keçirilməsinə başlanıldı. Ulu öndərin şah əsəri olan “Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.
Ümummilli lider Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ölkədəki bərpa olunmayan enerji ehtiyatlarının tükənmə dərəcəsindən asılı olaraq, bu gün Azərbaycan öz enerji infrastrukturunu alternativ enerji və ya bərpa olunan enerji mənbələrinin hesabına möhkəmləndirməkdədir. Respublikamızda olan çayların, küləyin və günəşin enerji ehtiyatları ölkə ərazisinin enerji tələbatının ödənilməsi üçün kifayət edəcək dərəcədədir.
Azərbayan tarixən neft və təbii qaz ehtiyatlarına malik dövlətlər sırasındadır. Fəxarət doğuran haldır ki, bu təbii sərvətlərdən ölkəmizin yüksəlişi üçün uğurla istifadə edilir. Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi enerji siyasəti effektiv bəhrəsini verərək qeyri-neft sektorunun inkişafını, qarşıya qoyulan vəzifələrin tam olaraq həyata keçirilməsini, qlobal miqyasda respublikamızın milli maraqlarının qorunmasını təmin edir.
Bir neçə il əvvələ qədər Azərbaycanın enerji siyasəti əsasən neft amilini ehtiva edirdi. 2006-cı ildən istismar olunan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Xəzərdən hasil olunan nefti hazırda da dünya bazarlarına çıxarmaqdadır. Dövlətimizin enerji siyasətinin ən böyük uğurlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşması ilə Azərbaycan Avrasiya regionunda mövqeyini xeyli gücləndirdi, Cənubi Qafqazın liderinə çevrildi. Bu gün Bakı-Tbilisi-Ceyhan boru kəməri təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Bu kəmər mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir.
Artıq Azərbaycan Avropa bazarlarına həm də təbii qaz ixrac edir. 2014-cü ildə təməli qoyulan “Cənub qaz dəhlizi”nin cəmi 6 il ərzində nəqllə bağlı bütün seqmentləri inşa edildi. Əvvəllər yalnız Gürcüstana və Türkiyəyə ixrac olunan Azərbaycanın təbii qazı 2020-ci ilin dekabrın 31-dən Avropa bazarlarına tədarük olunur.
Yaxın perspektivdə isə Azərbaycan Avropa ölkələrinə elektrik enerjisi ixrac edəcək. Artıq ölkəmizlə Avropa arasında “yaşıl enerji” istiqamətində də tərəfdaşlığın təməlləri qoyulub.
Qeyd edək ki, hazırda bir çox ölkələrdə qarşıya qoyulan hədəflərdən biri “yaşıl enerji”yə keçiddir. Enerji keçidi ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəzlənməsini, yəni “yaşıl enerjini” özündə ehtiva edir. Müasir çağırışlardan və enerji balansında gözlənilən struktur dəyişikliklərdən irəli gələrək bərpaolunan və təmiz enerji güclərinin artırılması, “yaşıl enerji” marşrutlarının yaradılması kimi vəzifələr bu gün qlobal gündəmin əsas mövzularından biridir.
Azərbaycanda “yaşıl enerji”yə keçid – enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Ölkəmizdəki iqlim şəraiti “yaşıl enerjinin” əldə edilməsi üçün geniş imkanlar yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də elan edilən əsas istiqamətlərdən biri budur. Artıq respublikamızda bu sahədə layihələr də həyata keçirilməkdədir. 2022-ci ilin yanvar ayında ölkəmizdə Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək-Elektrik Stansiyasının təməli qoyulub. Mart ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Buxarestdə plenar iclasda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bərpaolunan enerji sahəsində 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc yaratmağı planlaşdırır. Azərbaycanın quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Göründüyü kimi, Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu potensialdan irəli gələrək hazırda ölkəmizdə “yaşıl enerji”yə keçid də sürətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Azərbaycan bərpaolunan enerji sahəsində də aparıcı dövlətlərdən biri olacaq.
Ülkər Aşurova
MDU-nun Energetika kafedrasının müdiri, dosent