You are currently viewing “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” (İki Sahil)

“Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” (İki Sahil)

  • Post category:MDU xəbərləri

“İki sahıl” qəzeti, 23.02.2024

“Azərbaycan müəllimi” qəzeti və Mingəçevir Dövlət Universitetinin birgə layihəsi

Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Bayramovun  “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” adlı kitabı  “Azərbaycan müəllimi”  qəzeti və Mingəçevir Dövlət Universitetının birgə layihəsi olaraq tərtib olunmuşdur. 
Kitabın redaktoru “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov,  rəyçiləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyevdir. “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” adlı 296 səhifəlik bu kitab “Elm və təhsil” nəşriyyatında nəfis və  yüksək  poliqrafiya mədəniyyəti ilə nəşr olunmuşdur (Bakı, “Elm və təhsil”, 2023, 296 səh.).

   
Kitabın müəllifi ilə oxucu tanışlığı:  
Şahin Vaqif oğlu Bayramov iqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli sərəncamı ilə  Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilmişdir.  Şahin Bayramov müxtəlif dövrlərdə Milli Məclisin Elm və təhsil komitəsinin eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifələrində işləmişdir.
Şahin Bayramov  2015/2016-cı tədris ilində ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü çərçivəsində Pensilvaniya Dövlət Universitetində (Penn State University) “Ali təhsilin idarə edilməsi və akademik liderlik” ixtisası üzrə peşəkar  təhsil almışdır.
Kitabın “Ön söz”ündə müəllif qeyd edir ki, dayanıqlı inkişafa töhfə verən yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək Mingəçevir Dövlət Universitetinin başlıca missiyası olaraq qəbul edilmişdir.
Strateji baxış olaraq Mingəçevir Dövlət Universiteti təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi əsas hədəf kimi müəyyən etmişdir.  

Müəllif “Ön söz”də eyni zamanda, bu dövrlər ərzində universitetin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyən və  potensialının  gücləndirilməsinə töhfə verən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti və dıgər tərəfdaşlara öz minnətdarlığını bildirir.
Şahin Bayramov göstərir ki, gələcəyə baxışı formalaşdıran hədəflərə doğru modernləşmə yolunda universitetdə hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsi, əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılması və cəmiyyətlə davamlı kommunikasıyanın təmin edilməsi mühüm əhəmiyyər kəsb edir.
Bu məqsədlə, hesabatlılığa və şəffaflığa xüsusi önəm verən MDU-da həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar müntəzəm olaraq müxtəlif KİV və sosial media vasitələrində paylaşılır və ictimaiyyətin rəyi diqqət mərkəzində saxlanılır.
Sözügedən istiqamətdə əsası qoyulan mühüm ənənələrdən biri hər tədris semestrinin sonunda universitetlə bağlı hesabat və analitik xarakterli silsiləvi yazıların Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin orqanı “Azərbaycan müəllimi” qəzetində dərc edilməsidir.
MDU-nun strateji hədəflərindən, fəaliyyət prioritetlərindən və bu çərçivədə əldə olunan nəticələrdən bəhs edən bu yazılar ictimaiyyət tərəfindən maraqla qarşılanır və universitetin ölkə miqyasında tanıtımına müsbət təsir göstərir. Bütün bunlar idarəetmədə şəffaflığı və məsuliyyəti artırmaqla yanaşı, universitetin imkanlarının genişləndirməsinə də əhəmiyyətli töhfə verir. “Azərbaycan müəllimi” qəzetinin müxtəlif nömrələrində dərc edilmiş silsiləvi yazıların toplusunun kitab şəklində şap olunması ideyası məhz bu amillərə əsaslanmışdır.

Kitabın əsas məqsədi son 4 il ərzində MDU-da həyata keçirilmiş fəaliyyətləri vahid mənbədə təqdim etməkdir. Kitabda  xronoloji ardıcıllıqla yer alan müəllif yazılarında MDU-da tədris, elmi fəaliyyət, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbə gənclərin hərtərəfli inkişafı, sosial tədbirlər və digər istiqamətlər üzrə atılan addımlardan bəhs edilir. Dünya təhsil sistemində müşahidə olunan inkişaf trendləri və yeni çağırışlar nəzərə alınmaqla, məqbul şərtlər kontekstində tədrisin keyfyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, özəl və dövlət qurumları ilə işbirliyinin yaradılması sahəsində prioritet istiqamətlərdən söz açılır, yeni dövrün universitetinə çevrilməyə hesablanan hədəflər təhlil olunur.
   
“Heydər Əliyev İli” çərçivəsində təqdim olunan bu kitabda Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində universitetdə görülən işlərlə bağlı məlumatlara xüsusi yer ayrılmışdır. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərin ildönümləri münasibətilə universitetdə keçirilmiş silsiləvi tədbirlər haqqında yazılar da kitabda öz əksini tapmışdır. “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabı 2023-cü ilin “Gənclər paytaxtı” seçilən və Azərbaycanın dördüncü ən böyük şəhəri olan Mingəçevirin 75 illik yubileyinə həsr olunmuşdur. 

Qeyd etdiyimiz kimi, kitabda müəllifin 2020-2023-cü illərdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş mühüm elmi məqalələri (cəmi 31 məqalə) yer almışdır. Mingəçevir Dövlət Universitetinin elmi-pedaqoji həyatına işiq salan bu yazılar, sözün həqiqi mənasında, geniş və əhatəli tədqiqat işidir.
“Mingəçevir Dövlət Universiteti strateji hədəflərə doğru”,  “Davamlı inkişaf strategiyası:qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”, “MDU yeni dövrün universitetinə çevrilmək yolunda” kimi silsiləvi məqalələr xüsusi tədqiqat ustalığı ilə yazılıb.  “Mingəçevir Dövlət Universiteti: modernləşməyə doğru”, “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti; realliqlar və çağırışlar”   kimi məqalələrdə də müəllifin yüksək peşəkarlığı və məsuliyyəti hiss olunur. 

Kitabda yer alan başqa məqalələr də Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən zəngin mənbə kimi böyük maraq doğurur.
İnanırıq ki,  “Azərbaycan müəllimi” qəzetinin redaksiyası və Mingəçevir Dövlət Universiteti arasında işbirliyi səviyyəsində ərsəyə gəlmiş bu kitab oxucuların – müəllim, tələbə, magistrant, məzun, təhsil ekspertləri və daha geniş ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olacaq, MDU-nun növbəti mərhələdə daha sürətli, çevik və məhsuldar inkişafının təmin olunmasına mühüm töhfə verəcəkdir.
 

Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru