Yeni Azərbaycan Partiyası ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
Yeni Azərbaycan Partiyasının VII qurultayı hər bir vətəndaşın diqqət mərkəzində idi. Azərbaycan uzun illərdən sonra işğal altında qalan torpaqlarını azad etdikdən sonra yaranan vəziyyət bu qurultayın keçirilməsini zəruri etmişdi. Müharibə xalqımızın birliyi, vətənpərvərliyi sayəsində qısa müddət ərzində qalibiyyətlə başa çatdı. Həmin dövrdə dövlətimizin başçısına dəstək verən və birləşən siyasi partiyaların qətiyyəti göstərdi ki, gərgin və çətin zamanlarda qarşıda olan vahid düşmənə qarşı vuruşmaq lazımdır. Qurultayda nələr oldu? Çoxlarının düşünmədiyi bir qərar qəbul olundu. 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu, təbii ki, yaxşı haldır və ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaqdır. YAP ümumxalq partiyasıdır. Sıralarımızda minlərlə vətəndaş var. Gənclər partiyamızın sıralarına həvəslə qoşulurlar. Bu o deməkdir ki, partiyamız ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir.
Bu gün milli maraqlar üstünlük təşkil edir. Aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşması sayəsində ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyin yaranmasını təmin edib. Bir müddət əvvəl cənab prezidentimizin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilib. Həqiqətən də birlik qalibiyyətdir, doğru yoldur, inkişafdır. 6 siyasi partiyanın YAP-a qoşulması Azərbaycanda dövlət və milli maraqlarının yüksəlişi naminə, bir də dövlətimizin inkişafını istəməyən ölkələrin niyyətlərinin puç olması üçün başqalarına da nümunə olmalıdır.
Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Təcrübə də bunu göstərdi. Müharibədə xalqımız birləşdi, döyüş bölgələrində od-alov işərisində düşmənlə düyüşən əsgər və zabitlərimiz bu birlikdən güc aldı. Yalnız bir amalla mübarizə apardı, vətəmizin ərazi bütövlüyünün təmin edilməsi xalqımızın dünyada olan nüfuzunu artırır.
YAP Mingəçevir şəhər təşkilatı da dövlətimizin inkişafı naminə bacarığını nümayiş etdirir. Biz gənclər ölkəmizdə həyata keçirilən hər cür ictmai-siyasi, sosial tədbirlərdə fəallıq göstəririk. İstər iş yerlərimizdə, istərsə də maarifləndirmə tədbirlərində yalnız bir məqsədlə dövlətimizə, xalqımıza xidmət və sədaqət nümayiş etdirirk, qüdrətli Azərbaycanın nüfuzu artsın, ilbəil inkişaf etsin. Dünyada baş verən qlobal problemlərin həllində öz sözünü desin, imzası tanınsın. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasına növbəti dəfə sədr seçilən cənab İlham Əliyevin qətiyyəti, siyasi səriştəsi və bir də səmimiyyəti bunu deməyə əsas verir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin sədri