Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Mingəçevir şəhərində inşa olunacaq 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Prezident İlham Əliyevin ölkəmizin enerji potensialının gücləndirilməsinə və milli energetikamızın inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu münasibətlə, Mingəçevir ziyalıları adından ölkə başçısına sonsuz minnətdarlığımızı bildirir, 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulan nəhəng layihənin uğurla reallaşdırılması istiqamətində bütün energetiklərimizə uğurlar arzulayırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
Rektor qeyd edib ki, təməlqoyma mərasimində məzmunlu nitq söyləyən və stansiyanın strateji əhəmiyyətini vurğulayan dövlətimizin başçısı elektroenergetikamız və doğma şəhərimiz haqqında söylədiyi “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir” fikirləri bütün mingəçevirlilərin böyük sevincinə səbəb oldu.
Ş.Bayramov bildirib ki, müasir Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli energetika sisteminin inkişafında da misilsiz xidmətlər göstərib. Belə ki, Cənubi Qafqazın ən böyük enerji qurğusu olan Azərbaycan İstilik Elektrik Stansiyasının Mingəçevirdə yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin həmin stansiyanın açılışında şəxsən iştirak etməsini xüsusi vurğulayan Prezident İlham Əliyevin bu fikirləri hər birimizi fərəhləndirib: “Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur”.
“Qürurverici haldır ki, Azərbaycan energetika sənayesinin inkişafı hazırda ölkə başçımızın ardıcıl və məqsədyönlü siyasəti sayəsində uğurla və yeni keyfiyyət səviyyəsində davam etdirilir. Dayanıqlı inkişaf məqsədləri, enerji təhlükəsizliyi və strateji tərəfdaşlıqların güclənməsi kontekstində mühüm əhəmiyyət kəsb edən yeni stansiyanın tikintisinə start verilməsi ölkəmizin elektroenergetika tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirilməlidir, – deyə rektor vurğulayıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək yeni stansiya milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunmasına mühüm töhfə verəcək. Yeni stansiyanın istifadəyə verilməsindən sonra həm sürətlə böyüyən milli iqtisadiyyatın elektrik enerjisinə artan tələbatının ödənilməsi səviyyəsi yaxşılaşacaq, həm də Azərbaycanın elektrik enerjisi ixracı imkanları əhəmiyyətli dərəcədə artacaq. Nəticədə Mingəçevir şəhərinin Azərbaycanın və Qafqazın energetika xəritəsindəki mövqeyi daha da güclənəcək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı payı yüksələcək.
“Bu gün baş verən əlamətdar hadisə hazırda sürətlə modernləşməkdə olan və yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU qarşısında da mühüm hədəflər və ciddi vəzifələr qoyur. Bu baxımdan milli energetikamızın davamlı inkişafı istiqamətində “Azərenerji” ASC tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətlərə, o cümlədən doğma Qarabağımızın yenidən qurulması sahəsində aparılan kompleks tədbirlərə universitetimizin töhfə verməsi imkanlarının artırılması diqqət mərkəzində saxlanılacaq”, – deyə rektor qeyd edib.