Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mexanika kafedrasının birgə təşkilatçılığı ilə “Yol istifadəçilərinin məsuliyyəti və təhlükəsizliyin təminatı” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.
Seminarda çıxış edən MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov yol istifadəçilərinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərin önəmindən danışıb və seminarın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra MDU-nun Mexanika kafedrasının müəllimi Habil İsmayılzadə təqdimatla çıxış edərək yol mədəniyyəti, yol hərəkəti iştirakçılarının vəzifələri və təhlükəsizliyinin təmin edilməsi tədbirlərindən bəhs edib, məsuliyyətsizlik və ehtiyatsızlıq səbəbindən baş verə biləcək yol-nəqliyyat hadisələri barədə danışıb və iştiakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, sözügedən maarifləndirici seminar “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.