Qurban bayramı münasibətilə Mingəçevir Dövlət Universitetində tədbirlər həyata keçirilib
Kollektiv üzvlərinə göstərilən diqqətin davamı olaraq, müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, 2020-ci ilin 31 iyul tarixində MDU-nun HİK xətti ilə mövcud karantin dövrünün tələblərinə ciddi riayət olunmaqla universitetdə təsərrüfat istiqaməti üzrə fəaliyyət göstərən bütün texniki personala Qurban bayramı payı çatdırılıb.
Bundan başqa, HİK üzvləri Qurban bayramı münasibətilə bir neçə şəhid ailəsini də ziyarət etməklə onları Qurban bayramı münasibətilə təbrik ediblər. Azərbaycanın suverenliyi uğrunda həyatlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anınması diqqətə çatdırılıb. Şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razılıq bildirilib.