2024-cü ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş toqquşma zamanı şəhid olmuş universitetin məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlunun məzarını ziyarət edib. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimiz üçün dualar oxuyublar.
Sonra şəhid məzunumuzun ailəsi ziyarət olunub. Görüş zamanı şəhid Qorxmaz İsgəndərovun cəsur döyüş yolundan, Vətənə olan sonsuz sevgisindən və düşmənə qarşı nifrətindən bəhs edilib. Şəhidin qısa, lakin şərəfli həyatı bir daha xatırlanaraq, onun doğma elinə-obasına olan əvəzolunmaz məhəbbəti vurğulanıb. Şəhidin atası İsgəndər İsgəndərov onun orta məktəb və universitet həyatı haqqında danışaraq, Qorxmazın zahirən sakit, lakin daxilən çılğın və düşmənə qarşı intiqam hissi ilə dolu olduğunu bildirib. O, qeyd edib ki, Qorxmaz İsgəndərov 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusundan biridir.
1999-cu il oktyabrın 23-də Ağcabədi rayonunun Taxta körpü ərazisində yerləşən Sadınlar obasında anadan olan Qorxmaz İsgəndərov, 2017–2021-ci illərdə Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili” ixtisasında təhsil alıb. 2021–2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı vəzifəsində xidmət edib. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Ağcabədi rayonunda dəfn olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Görüş zamanı MDU-nun müəllimi, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev və Rəqəmsal İnkişaf və Layihələrin İdarəolunması şöbəsinin müdiri Elçin Tağıyev şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək bildiriblər ki, şəhidlər Vətən uğrunda canını fəda edən ən ali qəhrəmanlardır. Onların ailələri isə bu böyük fədakarlığın birbaşa şahidləri və daşıyıcılarıdır. Şəhid ailələri həm cəmiyyətin, həm də dövlətin diqqət mərkəzində saxlanmalı, onlara xüsusi qayğı və hörmət göstərilməlidir. Bu baxımdan şəhid ailələrinin ziyarət edilməsi milli-mənəvi borc kimi önəmli bir missiyadır.
MDU-nun Tələbə və Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərə rəhmət diləyib və ailələrinə səbr arzulayıb. O, qeyd edib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur. Cəmiyyət olaraq şəhid ailələrinə göstərilən diqqət və qayğı həmrəylik ruhunu gücləndirir, vətəndaşlar arasında milli şüurun formalaşmasına və dərinləşməsinə səbəb olur. Bu, cəmiyyətin birliyi və davamlılığının təmin olunmasına xidmət edir. O cümlədən, MDU-nun şəhid məzunları daim xatırlanır, mütəmadi olaraq onların ailələri ziyarət edilir və tələbələrə şəhidlərin şərəfli həyat yolu təbliğ olunur.
Şəhid Qorxmaz İsgəndərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, müvafiq strukturlara və MDU kollektivinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhid ailələrinin ziyarət edilməsi hər birimizin mənəvi borcudur. Hər bir şəhid ailəsi bizim azadlığımız və müstəqilliyimiz uğrunda verilmiş ən böyük qurbanın daşıyıcısıdır. Onlara göstərilən diqqət və qayğı, dövlətimizin güclü və sabit olduğunu, vətəndaşlarımızın isə həmrəyliyinin təcəssümünü nümayiş etdirir. Şəhid ailələrinə qarşı hörmət və qayğı gələcək nəsillərə vətənpərvərlik və milli dəyərlərin ötürülməsi üçün əsaslı bir nümunədir. Bu məqsədlə MDU kollektivi tərəfindən şəhid məzunların timsalında bütün şəhidlərin məzarları və ailələri daim ziyarət edilir, onların qəhrəmanlıqları gənclər arasında tərənnüm olunur.