2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetində (MDU) professor, əməkdar elm xadimi Şahlar Əsgərovun təqdimatında seminar keçirilib. “Biliyin qiymətləndirilməsi” və “Tərəqqinin fəlsəfəsi” mövzularına həsr olunan seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib.
Seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov seçilmiş mövzuların müasir dövr üçün aktuallığını vurğulayıb və universitet əməkdaşları adından qonağa minnətdarlığını ifadə edib.
MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu bildirən professor Ş.Əsgərov seminarın mövzularına uyğun olaraq təqdimatlarla çıxış edib.
Əvvəlcə, “Biliyin qiymətləndirilməsi” mövzusunda çıxış edən Ş.Əsgərov elm və təhsilin inkişafının dövlət siyasətinin təməlində dayandığını vurğulayıb, biliyin qiymətləndirilməsi prosesinin problemlərindən və onların həlli yollarından danışıb.
Sonra, “Tərəqqinin fəlsəfəsi” mövzusunda çıxışını davam etdirən Ş.Əsgərov “inkişaf” və “tərəqqi” anlayışlarının fəlsəfi mahiyyəti haqqında danışıb, onların əsasında dayanan “mükəmməl və azad rəqabət”, “fərdi və ictimai mənafe” anlayışlarını müxtəlif aspektlərdən səciyyələndirib, tərəqqi ilə elm və texnologiya arasında asılılığın xarakteri barədə seminar iştirakçılarını məlumatlandırıb.
Daha sonra, maraqla qarşılanan təqdimatlarla bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, professor Ş.Əsgərov iyunun 23-də MDU-da reallaşdırılan “Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak məqsədilə universitetin qonağıdır.