20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar
Mingəçevir Dövlət Universitetində elmi-nəzəri konfrans keçirilib
Yanvarın 19-da Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib. Konfransda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mingəçevir Dövlət Universitetin rektor Akif Hacıyev 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O, faciənin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda, tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını qeyd edib.
Akif Hacıyev faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırdığını, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırladıb. O vurğulayıb ki, Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq Hüzn Günü elan edib, hadisəyə siyasi və hüquqi qiymət verilib. Rektor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev 20 Yanvar Şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Sonra “Humanitar fənlər” kafedrasının müəllimi Vüsalə Mövlayeva “XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Milli oyanış”; “Humanitar fənlər” kafedrasının baş müəllimi Mətanət Yusifova “20 Yanvar faciəsi xalqımızın milli-azadlıq mübarizəsi yolunda qəhrəmanlıq salnaməsidir”; “Pedaqoji” fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov “20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi” mövzularında çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, bu faciə xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olub. 20 Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlıq, şücaət, xalqın birliyi hamıya örnəkdir.
20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını vurğulayıblar.
Sonra konfrans iştirakçılarına 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş olunub.
Konfransın sonunda “Pedaqoji” fakültənin I və II kurs tələbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
{phocagallery view=category|categoryid=109|limitstart=0|limitcount=0}