Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurası tərəfindən qəbul edilmiş “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” ictimaiyyət nümayəndələrinə təqdim edildilb.
2024-cü ilin 27 fevralında MDU-nun kiçik akt zalında təşkil edilən görüşdə MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, Mingəçevir Yazıçılar Birliyinin nümayəndələri, MDU-nun tərəfdaşı olan dövlət və özəl qurumların nümayəndələri, Mingəçevir şəhərinin ziyalılar iştirak edib.
Qonaqları salamlayaraq tədbiri açıq elan edən MDU-nun rektoru Şahin Bayramov dəvəti qəbul edib gələn hər kəsə minnətdarlığını bildirib. O, qeyd edib ki, görüşün əsas məqsədi Mingəçevirin qurulmasında, inkişafında, ictimai həyatında mühüm rolu olan şəxslərlə birlikdə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na nəzər salmaq, MDU-nun qarşıya qoyduğu hədəfləri müzakirə etməkdir.
Ş.Bayramov təqdimat şəklində hazırlanmış strategiyanı iştirakçılara təqdim edərək bildirib ki, 2030-cu ilə qədər MDU-nun əsas fəaliyyətləri və gələcək hədəfləri özündə ehtiva edən bu sənədin hazırlanması zamanı Azərbaycanda təhsilin inkişafı ilə bağlı müəyyən edilmiş dövlət siyasəti, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, milli və beynəlxalq ali təhsil məkanında baş verən əsas trendlər, MDU-nun real göstəriciləri və əsas performans göstəriciləri nəzərə alınıb.
2030-cu ilə hədəflənən strategiya bu ali təhsil ocağını yeni dövrün universitetinə çevirmək, şəhərin və ətraf bölgələrin inkişafına töhfə vermək, ölkənin qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, nəticəyönümlü elmi tədqiqatlar aparılmasına nail olmaq məqsədi daşıyır.
Rektor sənədin əsas missiyasının dayanıqlı inkişafa töhvə verən yüksəkixtisaslı kadrlar hazırlamaq, cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olduğunu qeyd edib. Təhsil, tədqiqat, innovasiya, sosial, dayanıqlı inkişaf və rəqəmsallaşma, institusional inkişaf, beynəlmiləlləşmə bloklarından ibarət 7 istiqaməti özündə birləşdirən strategiyanın məqsəd və hədəfinə çatmaq üçün universitetin akademik və inzibati strukturunun fəaliyyəti ilə yanaşı, şəhər ictimaiyyətinin də dəstəyinə ehtiyacı var.
Görüşün sonunda “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nı diqqətlə nəzərdən keçirən iştirakçılarla fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib. Qonaqlar MDU kollektivinin qarşıya qoyduğu məqsəd və hədəfləri reallaşdıracağına əminliklərini ifadə edərək, bu istiqamətdə lazım olan hər cür dəstəyi göstərməyə hazır olduqlarını bildirib, ölkəmizin və şəhərimizin inkişafına töhfə verəcək strategiyanın fəaliyyətinə uğurlar arzulayıblar.