Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb
Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçirilmiş növbədənkənar genişləndirilmiş iclasında universitetin strukturunun təkmilləşdirilməsi məsələsi müzakirə olunub.
Rektor Şahin Bayramov son illər ərzində milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi və sürətlə dərinləşən rəqabət mühiti şəraitində ali təhsil müəssisələrində müasir idarəetmə metodlarının tətbiqinin zəruriliyi haqqında ətraflı məlumat verib. O, MDU rektorunun 12 sentyabr 2019-cu il tarixli, 138 nömrəli əmri ilə universitetin strukturunun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması üzrə müvafiq İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Ş.Bayramov professor-müəllim, inzibati-texniki və tələbə heyəti üzvlərindən təşkil olunan İşçi qrupuna mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, MDU-da idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərarqəbuletmə və icra prosesində çevikliyin artırılması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadəyə şərait yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanmasının həvalə olunduğunu bildirib.
İşçi qrupunun rəhbəri, MDU-nun elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov sözügedən qrup tərəfindən hazırlanmış təkliflər paketini Elmi Şura iclası iştirakçılarının diqqətinə çatdırıb. V.Əyyubov təkliflərin hazırlanması zamanı “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarının, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, universitetin mövcud Nizamnaməsinin, digər müvafiq normativ-hüquqi aktların, eləcə də müvafiq yerli və xarici ali təhsil müəssisələrinin universitet idarəçiliyi sahəsində qabaqcıl təcrübəsinin nəzərə alındığını qeyd edib. O, İşçi qrupu tərəfindən irəli sürülən təkliflərin universitetdə tədris prosesinin daha səmərəli təşkilinə, magistratura təhsilinin məzmununun inkişaf etdirilməsinə, idarəetmə prosesində paralellyin aradan qaldırılmasına, elmi fəaliyyətin və doktorantlarla işin səmərəliliyinin artırılmasına, innovasiya sahəsində işlərin daha effektiv əlaqələndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, kadrlarla işin təkmilləşdirilməsinə, ictimaiyyətlə əlaqələrin müasir dövrün tələbləri çərçivəsində qurulmasına, kargüzarlıq və sənədləşmə işinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səmərəli fəaliyyətə və əsaslandırılmış təkliflərə görə İşçi qrupu üzvlərinə təşəkkür edən Ş.Bayramov hər bir istiqamət üzrə irəli sürülən təkliflərə dair müvafiq qeydlər edib və Elmi Şura tərəfindən bəyəniləcəyi təqdirdə həmin təkliflərin universitetin strukturunun təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Müzakirələrdən sonra İşçi qrupunun təklifləri Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Beləliklə, MDU-nun Elmi Şurası universitetdə Tədris şöbəsinin, Magistratura və doktorantlarla iş şöbəsinin, Elm və innovasiyalar şöbəsinin, Beynəlxalq əməkdaşlıq ofisinin, İnsan resursları şöbəsinin, İctimaiyyətlə əlaqələr şöbəsinin və Dəftərxananın yaradılmasına dair qərar qəbul edib. Eyni zamanda, sözügedən təklifləri nəzərə almaqla, MDU-nun Elmi Şurası universitetin mövcud strukturunda yer alan Tədris hissəsinin, Magistratura sektorunun, Təhsildə keyfiyyətə təminat və nəzarət mərkəzinin, Karyera mərkəzinin və Ümumi şöbənin ləğv edilməsinə dair qərar qəbul edib.
Sonda, MDU-nun strukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi məqsədi ilə rektorun 12 sentyabr 2019-cu il tarixli, 138 nömrəli əmri ilə yaradılmış İşçi qrupunun fəaliyyətinin davam etdirilməsi qərara alınıb.
{phocagallery view=category|categoryid=202|limitstart=0|limitcount=0}