MDU təhsilimizin flaqmanına çevrilir (“Alpan info, 21.07.2021”)

  • Post category:Xəbərlər (AZ)

MDU təhsilimizin flaqmanına çevrilir

Alpan info, 21.07.2021

Mingəçevir Dövlət Universitetinin (MDU) müasirləşdirilməsi istiqamətində görülən işlər barədə dəfələrlə söz açmışam. Buna baxmayaraq, bu günlərdə bu tədris ocağının rektoru ilə keçirdiyim söhbət əsasında daha bir yazı ilə görüşünüzə gəlmək qərarına gəldim.

Bəri başdan qeyd edim ki, MDU-nun qarşıya qoyulan hədəflərə çatacağına tam əminəm. Mingəçevir şəhərinin yeganə ali təhsil müəssisəsi olan MDU-da son iki ildə baş verən yeniliklərə, aparılan islahatlara nəzər yetirdikdə məndə belə bir qənaət hasil oldu. Belə ki, 2020-2021-ci tədris ilində universitetdə həyata keçirilən kompleks tədbirlər əsas strateji hədəfə – paytaxt və hətta mən deyərdim ki, dünya səviyyəli   ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanıb. Bu gün öz varlığını dünyaya bəyan edən universitet son iki ildə milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendlərinə, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlara səs verir. Bir sözlə, MDU bu gün Azərbaycan təhsilinin Mingəçevirdən dünyaya açılan bir pəncərəsi rolunu oynayır. Şübhəsiz, bütün bunlarda bu tədris ocağının rektoru Şahin Bayramovun xidmətləri əvəzsizdir.

Məlumat üçün bildirək ki, ölkə başçısının 31 iyul 2019-cu il tarixli sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub. Bu vəzifəyə qədər o, Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini, ondan 2 il öncəyədək isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifələrində çalışıb. 2011-ci ildə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri” mövzusunda dissertasiyanı müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Ş.Bayramov 2015-ci ildə ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilib. O, 11 avqust 2015-ci ildən 10 iyun 2016-cı ilədək ABŞ-da Penn Dövlət Universitetində Ali təhsilin idarəedilməsi ixtisası üzrə təhsil alaraq, proqramı uğurla başa vurub, 2016-cı ildə ABŞ-ın Kornell Universitetində təcrübə keçib. Ş.Bayramov qısa müddətdə dünyanın müxtəlif ölkələrində təlim və seminarlara qatııb. 2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda (Tədbirə Avropadan qoşulan yeganə nümayəndə kimi) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki bilgilər qazanıb.

2016-cı ilin fevralında ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında “Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Burada ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Sonra Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.

Müşahidələrimizə əsasən onu deyə bilərik ki, dünya təhsilini öyrənən və bu imkanları Azərbaycana gətirməyə çalışan Şahin Bayramovun Mingəçevirə gəlişi MDU-da vəziyyəti kökündən dəyişib. İki il arxaya nəzər yetirən də bunları aydın görmək mükündür. Bunu təkçə mən demirəm, universitet haqqında dərc olunan materiallarda bununla bağlı dəfələrlə söz açılıb.

MDU yerləşdiyi regionda əsaslandırılmış və inamlı addımlar atmaqla, əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verməyə çalışmaqla ümumi ekosistemə birbaşa təsir imkanı qazanır. Bu da universitetin populyarlığını və cəlbediciliyini artırır. 2020/2021-ci tədris ilində MDU-da iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakultənin, 10 kafedranın mövcud olduğu məktəbdə 2700-dən artıq tələbə və magistrant təhsil alıb. 7 tələbə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Əbəs yerə deyilməyib ki, cəmiyyətin formalaşmasında ali təhsilin rolu böyükdür. Buna əsaslanaraq deyə bilərik ki, MDU hazırda modernləşməyə doğru sürətlə addımlayır. Artıq MDU Türkiyə universittləri ilə də əməkdaşlığa imza atıb. Belə ki, 2021-ci ilin 22-23 may tarixlərində MDU-da əlamətdar hadisə baş verdi. Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) dəvəti ilə Mingəçevir şəhərində səfərdə oldu, MDU və Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalandı .

COVİD-19 virusu ilə bağlı əksər təşkilatlar fəaliyyətini uzun müddətə dayandırsa da, MDU-da həyat əvvəlki axarı ilə davam etdi. Belə ki, 2020-ci ilin martından tədris prosesində davamlılığın təmin edilməsi üçün universitetdə dərslərin online və offline rejimdə təşkilinə başlandı. Bu məqsədlə “ZOOM” platforması və “Videodərslər” kimi distant təhsil texnologiyalarının imkanlarından istifadə edildi. Sistemin həm kompyuter, həm də mobil tətbiqinin olması tələbələrin video-konfranslara qoşulmasını asanlaşdırdı. Müəyyən edilmiş cədvəllər əsasında keçirilən dərslərin təşkilinə tyutorlar fəal şəkildə cəlb olundular. Eyni zamanda, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan videodərslər offline rejimdə Youtube kanalı vasitəsilə tələbələrin istifadəsinə verildi. Məhz bu nəticələrə görə, mektebgushesi.az internet portalının “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” sorğusunda MDU 7-ci sırada qərarlaşdı.

Böyük qürur və fəxarət hissi ilə bildirək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunları iştirak edib, 5 məzunu isə şəhdilik zirvəsinə ucaldı. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mingəçevirin ictimai-siyasi həyatında baş verən prosesləri yaxından izləyən jurnalist olaraq, şəxsi qənaətim ondan ibarətdir ki, MDU-nun son iki ildə gördüyü işləri bu kiçik yazıya sığdırmaq mümkün deyil. Bir daha vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimizin 31 iyul 2019-cu il tarixli müvafiq Sərəncamı ilə MDU-ya gənc rektorun təyin olunması qısa müddət ərzində universitetdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına gətirb çıxarıb. İnanıram ki, əsası qoyulan başlanğıclar yaxın gələcəkdə daha növbəti uğurların əldə olunmasına imkan verəcəkdir.

Esmira Hidayətova, Mingəçevir