24 fevral 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində əsas benefisiarı Təhsil Nazirliyi olan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi ilə bağlı doktorant və tədqiqatçılar üçün təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov bildirib ki, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edəcək layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsindən ibarətdir. O, qeyd edib ki, layihə ilə bağlı MDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin proqramçısı Elçin Tağıyev (layihənin MDU üzrə koordinatoru), Elm və innovasiyalar şöbəsinin müdiri, dos. Vüqar Mustafayev və “Xarici dillər” kafedrasının müəllimi Gülnarə Qurbanova (təlimçilər) Bakıda keçirilən müvafiq təlimlərdə iştirak ediblər.
V.Mustafayev təlim iştirakçılarına sözügedən layihə çərçivəsində beş kurs (elmi işlərin yazılması və nəşri; tədqiqat metodologiyası; verilənlərin təhlili, emalı və idarə edilməsi; texnoloji transfer və kommersiya; sahibkarlıq və startap) üzrə 7 həftəlik (2 mart – 30 aprel 2020-ci il) dövrü əhatə edəcək onlayn təlimlərin nəzərdə tutulduğu barədə məlumat verib. V.Mustafayev hər bir kurs haqqında ayrıca danışaraq, kursun mahiyyəti və əhəmiyyətini, xüsusiyyətlərini iştirakçıların nəzərinə çatdırıb, onlayn təlimlərin keçirilmə qaydalarını izah edib.
Sonra “Xarici dillər” kafedrasının müəllimi Gülnarə Qurbanova nümunə kimi “Elmi işlərin yazılması və nəşri” kursunun tərkibi haqqında təqdimatla ətraflı danışaraq, kursun bölmələrini və tapşırıqlarını izah edib.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, onlayn təlimlər ödənişsizdir və maraq göstərən doktorant və tədqiqatçıların təlimlərə qoşulmasına heç bir məhdudiyyət qoyuılmur.