2022-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetinin (Kazakh National Agrarian Research University – KazNARU) təşkilatçılığı ilə keçirilən “Biznesin qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təmsil olunub.
Offlayn və onlayn formatda təşkil edilən konfransın işində 100-ə yaxın xarici və yerli alimlər, işəgötürənlər, dövlət qurumlarının nümayəndələri, qiymətləndirici-mütəxəssislər, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan KazNARU-nun prorektoru Primkul İbrahimov bütün iştirakçılara məhsuldar iş, konstruktiv dialoq və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Sonra konfransın açılışında Özbəkistan Respublikasının Almatıdakı Baş konsulu Abror Fathullayev, MDU-nun rektoru Şahin Bayramov, eləcə də bir sıra xarici və yerli universitetlərin idarəedici heyət üzvləri çıxış ediblər.
Açılış nitqində rektor Ş.Bayramov beynəlxalq konfransın mövzusunun aktuallığından və elmi əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışıb. MDU-nun modernləşdirilməsi, iqtisadiyyat və idarəetmə profilli kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verən Ş.Bayramov KazNARU ilə işbirliyinə önəm verdiklərini qeyd edib və konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
Gün ərzində hibrid formatda davam edən konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğız Respublikası, Ukrayna, İndoneziya, Rusiya Federasiyası, Litva, Oman, Polşa və digər ölkələrdən olan alimlərin elmi məruzələri dinlənilib. Məruzələr “Biznesin idarə edilməsi” istiqaməti üzrə kadr hazırlığı məsələləri, müasir makroiqtisadi amillərin region ölkələrinin inkişafına təsirinin qiymətləndirilməsi, rəqəmsallaşma şəraitində mühasibat uçotu və audit sistemlərinin inkişafı problemləri, biznesin qiymətləndirilməsinin nəzəri və praktiki problemləri, mühasibat uçotu, audit və maliyyənin rəqəmsallaşdırılması kontekstində qiymətləndirmənin rolu və əhəmiyyəti barədə mövzuları əhatə edib.
MDU əməkdaşlarından Vüqar Mustafayev “Azərbaycan biznes mühitində konsaltinq şirkətlərinin rolu”, Nüşabə Qədimli “Təşkilatda auditin aparılmasının əsas üsulları” və Nazim Niftəliyev “Rəqəmsal iqtisadiyyatda Azərbaycanın sənaye müəssisələrinə xas risklər və onların optimallaşdırılması yolları” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, KazNARU ilə MDU arasında əməkdaşlığa cari ilin iyul ayında start verilib.