Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planında nəzərdə tutulan müddəalar uğurla həyata keçirilməkdədir. Nəzərdə tutulan fəaliyyətlərdən biri elmə marağı və texnologiyalara bağlılığı ilə seçilən istedadlı şagirdlərin dəstəklənməsi və tədqiqat işinin aparılmasıdır.
MDU-nun tədris məsələləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində bürünc medala layiq görülmüş Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Musayev Mürsəl Yusifoviç, layihənin elmi rəhbəri – MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva və məktəb rəhbəri Yeganə Kərimova ilə görüşmüşdür. Görüş zamanı Üzeyir Zeynalov əldə olunan nailiyyət münasibətilə şagirdi və onun rəhbərlərini səmimi qəlbdən təbrik etmiş, gələcək elmi fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüş zamanı vurğulamışdır ki, Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir şəhərin ümumtəhsil müəssisələri arasında formalaşan elmi əməkdaşlıq mühiti – xüsusilə də MARTİ ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatı həm universitetin, həm məktəblərin, həm də bütövlükdə cəmiyyətimizin elmi-texnoloji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə uğurlar bu əməkdaşlığın səmərəli nəticəsi olmaqla yanaşı, gənc nəslin elmə olan marağının artırılması və gələcək tədqiqatçıların yetişdirilməsi üçün etibarlı zəmin yaradır.
Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli məktəbin direktoru Yeganə Kərimova bildirdi ki, əldə edilən nailiyyət universitet-orta məktəb əməkdaşlığının uğurlu nəticəsidir.
Qeyd edək ki, müsabiqədə mükafata layiq görülən layihə müasir dövrün qlobal təhlükəsizlik çağırışlarına cavab verən son dərəcə aktuallığı ilə seçilir. Layihənin əsas məqsədi LİDAR (Light Detection and Ranging) texnologiyası ilə süni intellektin inteqrasiyasından istifadə edilərək hava hücumlarından müdafiə sistemlərinin daha sürətli, dəqiq və ağıllı şəkildə fəaliyyətini təmin etməkdir. Bu texnoloji yanaşma Azərbaycanın hava məkanının strateji müdafiəsinin gücləndirilməsi baxımından olduqca vacibdir və milli təhlükəsizlik sahəsində qabaqcıl innovativ həll kimi qiymətləndirilə bilər.
Layihənin gələcək inkişaf perspektivləri də diqqətdən kənarda qalmayıb. Belə ki, onun daha da təkmilləşdirilməsi və praktiki tətbiq imkanlarının genişləndirilməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin hazırlanması planlaşdırılır. Bu isə gənc tədqiqatçıların elmi ideyalarının real həyatda tətbiqinə və ölkənin müdafiə potensialına töhfə verəcək texnologiyaların formalaşmasına yol aça bilər.
MDU daima sabahın alimlərinin yetişdirilməsi istiqamətində göstərilən təşəbbüsləri yüksək qiymətləndirir və bu kimi uğurların davamlı olması üçün bütün imkanlarını səfərbər edir.
