2024-cü il aprelin 5-6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” Magistrantların VII Respublika elmi konfransı keçirilib. 27 mart – Elm Gününə həsr olunan konfransda ADPU ilə yanaşı Bakı Slavyan Universiteti, Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Universiteti, Bakı Qızlar Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ADPU-da təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər.
Konfransın plenar iclasında MDU-nun magistrantlarından Samirə Abbasova “Şifahi xalq ədəbiyyatı örnəkləri: atalar sözlərinin tədrisi mədəni irsi qorumağın bir nümunəsidir”, bölmə iclaslarında isə Jalə Azərli “İbtidai siniflərin Azərbaycan dili dərslərində məktəblilərin lüğət ehtiyatının zənginləşdirilməsində fəal təlim üsullarından səmərəli istifadənin əhəmiyyəti” və Jalə Qasımova “İri həcmli əsərlərin ədəbiyyat fənnində yeri və tədrisi vəziyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
MDU-nun magistrantları tərəfindən təqdim olunan məruzələr maraqla qarşılanıb.
Qeyd edək ki, bilik və bacarıqları ilə yanaşı tədqiqat bacarıqlarının artırılmasını diqqət mərkəzində saxlayan MDU-da tələbə və magistrantların müxtəlif konfrans və seminarlarda iştirakına önəm verilir.