Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib
2021-ci ilin 28 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Cari imtahan sessiyasının üçüncü həftəsinin başa çatmaq üzrə olduğunu nəzərə çatdıran rektor ötən həftələr ərzində imtahanların gedişatı zamanı aparılmış monitorinqlərin və təhlillərin nəticələrindən danışıb.
İmtahanların yüksək iştirakçılıq və müvəffəqiyyət göstəriciləri ilə davam etdiyini bildirən Ş.Bayramov sessiya ərzində hər bir tələbəyə həssas yanaşıldığını diqqətə çatdırıb.
Təhsilalanlar və onların valideynləri tərəfindən daxil olmuş müraciətlərdə imtahan sessiyasının gedişatından yüksək məmnunluğun əks olunduğunu vurğulayan rektor universitetdə imtahanların obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında keçirilməsində əməyi olan kollektiv üzvlərinə və könüllü tələbələrə təşəkkürünü bildirib.
Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib. İmtahan sessiyasının gedişatından razılıqlarını ifadə edən tələbələrin köçürülmə, təhsil haqqı, ixtisasdəyişmə, təcrübə, işədüzəlmə və karyera inkişafı ilə bağlı sualları ətraflı cavablandırılıb və səsləndirdikləri təkliflərə münasibət bildirilib.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 14 yanvar və 21 yanvar tarixlərində keçirilib.
{phocagallery view=category|categoryid=506|limitstart=0|limitcount=0}