MDU-da AMEA-nın 80 illik yubileyinə həsr edilmiş dəyirmi masa təşkil edilib

2025-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz: Milli Elmlər Akademiyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş nitqi ilə açan Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova AMEA-nın ölkənin elmi inkişafında, milli kimliyin formalaşmasında və intellektual potensialın gücləndirilməsində oynadığı mühüm roldan söz açıb. O, Akademiyanın 80 illik fəaliyyətinin Azərbaycan elminin mərhələli şəkildə inkişafına, yeni elmi istiqamətlərin yaranmasına və beynəlxalq elmi platformalarda ölkəmizin nüfuzunun artmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Daha sonra, AMEA-nın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Ardınca dəyirmi masanın proqramına uyğun məruzələr dinlənilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev “Azərbaycan elminin inkişafında AMEA-nın rolu: 80 illik tarix və gələcəyə baxış”, Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Dilçilik problemlərinin aparıcı tədqiqatçısı: Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu”, baş müəllim Pərvin Hüseynova “Ədəbiyyatımızın keşiyində duran elm ocağı” və Vüsalə Mövlayeva “Azərbaycan tarixinin kompleks araşdırılmasına xidmət edən Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu” adlı məruzələrlə çıxışlar ediblər.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb və AMEA-nın Azərbaycan elmi üçün strateji əhəmiyyət taşıdığı xüsusi olaraq qeyd edilib.