2024-cü il yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formada keçirilən “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin bir qrup tələbə və magistrantı, həmçinin onların valideynləri ilə görüşüb. Görüşdə MDU-nun akademik-inzibati heyət üzvləri də iştirak edib.
Görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla davam etdiyini bildirib. O, tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdə MDU-da keçirilən imtahanlara olan məmnunluğu vurğulayaraq, cari imtahan sessiyasının uğurla yekunlaşacağını əminliklə qeyd edib.
İmtahanlar zamanı tələbə və magistrantlarla daha çevik əlaqə qurulması baxımından “Açıq qapı” günlərinin faydalı olduğunu, yarana biləcək sualların operativ cavablandırılması üçün imkan yaratdığını qeyd edən rektor iştirakçıların müraciətlərini dinləyib.
İştirakçılar tərəfindən universitetdə keçirilən imtahanların şəffaflığına və obyektiv qiymətləndirilməyə görə minnətdarlıq edilib, müxtəlif sual və təkliflər ünvanlanıb.
Tələbələrə uğurlar arzulayan Ş.Bayramov universitetdə məhz gənclər üçün yaradılan imkanlardan onların səmərəli istifadə etdiklərinin sevindirici hal olduğunu qeyd edib və bu günədək tələbələrin yüksək səviyyədə imtahanlardan keçməsini MDU-nun uğurlarının bir parçası kimi qiymətləndirib. Öz tələbəsinin uğuru, nailiyyəti ilə tanınan bir ali məktəb kimi MDU hər zaman tədrisin təşkilində səmərəliliyin artırılmasına önəm verib.
Qeyd edək ki, MDU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə keçirilir. Tələbə və magistrantlar, həmçinin onların valideynlərinin yarana biləcək suallarının cavablandırılması, təkliflərinin dinlənilməsi məqsədi daşıyan “Açıq qapı” günlərinin imtahan sessiyasının sonunadək keçirilməsi nəzərdə tutulur.