Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb.
Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinci vitse-prezidentin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz üçün əlamətdar tarixdə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirib.
Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş Azərbaycan Gənclərinin Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi olması ilə bağlı ciddi göstəriş və mesaj idi. İlk Forumdan ötən 22 ildə gənclərin həyatında mühüm dəyişikliklərin olduğunu qeyd edən A.Rəhimov diqqətə çatdırıb ki, 1994-2003-cü illər Azərbaycanda gənclərin oyanış və təşkilatlanma dövrü olub. Məhz bu dövrdə ilk gənclər təşkilatları yarandı.
Əməkdaşlığın genişlənməsi, məsuliyyətin artması nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərlə iş aparılmağa başlanıldı.
Diqqətə çatdırılıb ki, 2004-2010-cu illərdə – gənclərin ictimai savada yiyələnmə dövründə onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülüb, Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı artıb. 2007-ci ildə ölkədə “Gənclər ili” elan olunub, 2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilib. Prezident İlham Əliyevin bəyan etdiyi “Qara qızılın insan kapitalına çevrilməsi” prinsipi istiqamətində həyata keçirilən tədbirlərin ən böyük təsiri məhz gənclərə olub.
Nazir bildirib ki, gənclər siyasətində 2004-cü ildən yeni inkişaf dövrü başlanıb, bu sahənin maddi-texniki bazası möhkəmlənib. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait on il ərzində yüz dəfəyədək artıb. 2005-ci və 2011-ci illərdə Azərbaycan gəncləri ilə bağlı ardıcıl olaraq iki dövlət proqramı qəbul edilib.
2011-2017-ci illərin gənclərin yüksək iştirakçılıq mərhələsi və Azərbaycan gənclər siyasəti təcrübəsinin beynəlxalq səviyyədə tanınması dövrü kimi dəyərləndirildiyini deyən nazir bildirib ki, bu illər, həmçinin gənclərə dövlət dəstəyinin ən sürətlə artdığı dövr olub. Artıq dövlət proqramlarının icrasında, beynəlxalq əməkdaşlığın inkişafında, Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərməyə başlayıblar.
Bildirilib ki, dövlət proqramlarının icrası nəticəsində əsaslı yeniliklər baş verib – Gənclər Fondu yaradılıb, gənclər siyasətinin əsas infrastrukturu olan Gənclər Evi şəbəkəsi genişlənib, Gənclər üçün Prezident Mükafatı təsis edilib.
Bu illərdə əldə olunan uğurlar arasında “Gəncə – 2016-cı ilin Avropa paytaxtı”, Virtual Qarabağ İKT Mərkəzinin layihələrini, Dünya Skaut Təşkilatının 41-ci Dünya Konfransının Azərbaycanda keçirilməsini, “Mən azərbaycanlıyam” milli intellektual televiziya yarışmasını və “Müasir Azərbaycan gənci” gündəlik televiziya proqramını qeyd edən nazir bununla yanaşı, yaradıcı gənclərin II və III forumlarının, kompüter oyunları üzrə müsabiqələrin, gənc alimlərin Avropa və dünya konfranslarının təşkilini, “İstedadların hazırlığı laboratoriyası”nı, milli intellektual oyunları və s. layihə və tədbirləri qeyd edib.
A.Rəhimov xüsusi vurğulayıb ki, son beş ildə nazirlik tərəfindən 681 tədbir, o cümlədən 107 beynəlxalq tədbir həyata keçirilib. Xarici heyətlər çərçivəsində 7305 əcnəbi Azərbaycana səfər edib, 1277 azərbaycanlı gənc beynəlxalq tədbirlərə qatılıblar. Gənclərimizin təşəbbüsü ilə mənzil-qərargahı Bakıda yerləşən 5 beynəlxalq gənclər təşkilatı yaradılıb.
Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Nazir bununla yanaşı, 42 xarici ölkədə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” ESSE müsabiqəsinin, könüllülük hərəkatının inkişafını qeyd edib.
VIII Forumun səmərəli müzakirələrlə gənclərin həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən nazir tədbirin işinə uğurlar arzulayıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov məruzə ətrafında çıxış ediblər.
Fasilədən sonra zona toplantılarından Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri bölgələrdə görülən işlər barədə hesabat məruzələri ilə çıxış ediblər. Həmçinin müxtəlif sahələri təmsil edən gənclərin çıxışları dinlənilib.
Tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Qeyd edək ki, Mingəçevir şəhərini VIII Forumda 18 nəfər, o cümlədən Mingəçevir Dövlət Universitetini Azad Tələbə Həmkarlar İttifaqı Komitəsini sədri Rəşad Qurbanov, Universitet Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev və MT16 saylı qrupun tələbəsi Könül Hasilova təmsil ediblər. Onlar Forum çərçivəsində müxtəlif görüşlər keçirib, ali təhsil məktəblərinin tələbə həmkarlar və gənclər təşkilatlarıı ilə fikir mübadiləsi aparıblar.
Müstəqil Azərbaycan Gənclərinin ilk Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb.
Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına mühüm təkan verib. Sonuncu – VII Forum 2014-cü il iyunun 2-də Heydər Əliyev Sarayında keçirilib.
{phocagallery view=category|categoryid=80|limitstart=0|limitcount=0}