XX əsrin 70-ci illərinin sonundan etibarən iqlim dəyişmələri problemi beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlamışdır. İqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının mandatı altında bir sıra qurumlar yaradılmış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən işlər həyata keçirilmişdir.
İlk dəfə 1979-ci ildə keçirilmiş Dünya İqlim Konfransında iqlim dəyişmələri təxirəsalınmaz qlobal problem elan edilmişdir. Qlobal İqlim Proqramı qəbul olunmuş və onun icrası nəzarət üzrə növbəti illərdə bir sıra konfranslar keçirilmişdir.
1988-ci ildə Dünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Beynəlxalq Hökumətlərarası İqlim Panelinin (BHİP) əsası qoyulmuş və iqlimşünas alimlərlə bərabər yüksək vəzifəli hökumət nümayəndələrinin iştirakı ilə Cenevrədə II Dünya İqlim Konfransı baş tutur. BMT-nin Baş Assambleyasının 21 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın mətnin hazırlanmasına başlanılır.
1992-ci ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın mətninin hazırlanması işləri yekunlaşdırılır və konvensiya həmin ilin iyun ayında Rio da Jeneyro şəhərində keçirilən Dünya Sammitində 154 ölkə tərəfindən imzalanır. 1994 Mart ayının 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 50-ci üzv ölkənin ratifikasiya prosesinin tamamlanması ardından qüvvəyə minir. Konvensiyaya qoşulan ölkələr 2 kateqoriyaya bölünür:
1.Konvensiyanın Əlavə 1-nə daxil edilmiş ölkələr atmosferə tulladıqları istilikxana qazlarının azaldılmasına dair öhdəliklər götürürlər. Bu öhdəlik ölkədən-ölkəyə fərqlənir. Əlavə 1-ə daxil edilmiş ölkələr əsasən inkişaf etmiş ölkələr blokudur (ABŞ, Avstraliya, Kanada, Avropa İttifaqı). Lakin onların arasında iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr də vardır (Türkiyə, Rusiya, Xorvatiya).
2.Konvensiyaya üzv ölkələrin əksəriyyəti Əlavə 1-ə daxil edilməyən inkişaf etməkdə olan ölkələrdir (Azərbaycan, cənubi və cənub-şərqi Asiya ölkələri, Rusiya istisna olmaqla MDB ölkələri və s.). Bu ölkələr qarşısında emissiyalarının azaldlıması istiqamətində heç bir öhdəlik qoyulmur.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına (UNFCCC) uyğun hər il keçirilən konfranslar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları adlanır. Bu konfranslar iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir
1995-ci ildə ilk dəfə Berlində BMT-nin İqlim Dəyişikliyi Konfransı keçirilidi. Daha sonra hər il ardıcıllıqla COP-1-dən COP-11 də daxil olmaqla 2006-cı ilə kimi müxtəlif ölkələrdə – 3 dəfə Almaniyada, İsveçrə, Yaponiya, Niderland, Mərakeş, İtaliya,Argentina, Hindistan, Kanada kimi ölkələrdə keçirilmişdir.
2005-ci ildən başlayaraq konfranslar həm də “Kyoto Protokolunun Tərəflərinin Müşavirəsi rolunu oynayan Tərəflərin Konfransı” (CMP) kimi fəaliyyət göstərmişdir; protokolla bağlı iclaslarda müşahidəçi qismində protokolun tərəfləri olmayan konvensiya iştirakçıları da iştirak edə bilərlər. 2011-ci ildən 2015-ci ilə qədər görüşlər iqlim fəaliyyətinə doğru ümumi yol yaradan Durban platformasının bir hissəsi kimi Paris Sazişini müzakirə etmək üçün istifadə edilmişdir. COP-un yekun mətni yekdilliklə qəbul olunmalıdır
Konvensiyaya üzv hər bir dövlət öz ölkəsində iqlim dəyişmələrinin vəziyyəti, müxtəlif mənbələrdən atmosferə atılan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsirləri, adaptasiya tədbirləri və s. barədə informasiyanı əks etdirən hesabatlar tərtib edərək onu Konvensiyanın Katibliyinə təqdim edir. 1995-ci ildə Azərbaycan Respublikası İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya qoşulub. 1997-ci ildə Kioto Protokolu qəbul olunub. Bu protokol sənayeləşmiş ölkələr üzərinə CO2 və digər istilikxana qazlarının emissiyasının azaldılması istiqamətində hüquqi öhdəliklər qoyur. 2005-ci ildə Kioto Protokolu qüvvəyə minir və protokola üzv dövlətlərin ilk görüşü Kanadanın Monreal şəhərində keçirilir 2012-ci ildə Rio da Jeneyro şəhərində BMT-nin Dayanıqlı İnkişaf üzrə 3-cü Konfransı baş tutur. Konfransda qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul olunması əsas müzakirə mövzusu olur. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).
2006-cı ildən 2024-cü ilə kimi isə COP-un daha 18 görüşü 16 ölkədə ( Almaniya və Polşada 2 dəfə olmaqla) keçirilmişdir.
2024-cü ildə COP-29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna həvalə edildi ki, sözügedən qrupa daxil olan Azərbaycan, Ermənistan və Bolqarıstan da bu missiyanı üzərinə götürmək üçün namizədliyini irəli sürdü. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirildi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Nəhayət, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Beləliklə, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 24-dək ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu gün Azərbaycanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir. Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir
Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP 29-dan gözləntilər çoxdur və inanırıq ki, ölkəmizdə keçirilən bu görüş qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə verəcəkdir.
Aygün Qədirova,
MDU-nun Humanitar fənlər kafedrasının müəllimi