“Azərbaycan” qəzeti, 13.12.2023
Qəzetin PDF versiyası
Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən II Beynəlxalq elmi konfrans uğurla başa çatıb.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və Qırğız İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlardan akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıblar.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov tədbirin davamlı iqtisadi inkişafın qlobal trendləri, ekoloji dayanıqlılığın təmini, sosial-iqtisadi hədəflərin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, Dördüncü Sənaye İnqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması və elmi diskussiyaların aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”, digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi məqsədilə beynəlxalq konfransın dövri olaraq keçirilməsi nəzərdə tutulub.
MDU-nun evsahibliyi ilə ikinci dəfə keçirilən konfransa həm yerli, həm də xarici ictimaiyyət tərəfindən marağın daha da artdığını qeyd edən rektor ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olduğunu bildirib.
Konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov davamlı inkişafın təmin edilməsinin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən nazir müavini konfransda təqdim ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevirdə aktual qlobal mövzuda keçirilən beynəlxalq elmi konfransda iştirak etməkdən məmnunluğunu bildirən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kursun Azərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirdiyini vurğulayıb. Tarixi Zəfərdən sonra Azərbaycanın davamlı inkişaf strategiyasında yeni mərhələnin başlandığını qeyd edən icra başçısı bununla bağlı qlobal trendləri, milli təcrübələri və yeni hədəfləri özündə ehtiva edən beynəlxalq konfransın maraqlı və məhsuldar olacağına inandığını söyləyib.
Daha sonra plenar iclas keçirilib. Bundan sonra isə konfrans 10 üzbəüz və 18 onlayn bölmə iclasları ilə işini davam etdirib. Beynəlxalq elmi konfrans çərçivəsində MDU və Türkiyənin Kayseri Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Protokol qarşılıqlı maraq doğuran sahələrdə universitetlərin ortaq fəaliyyətlərini ehtiva edir.
Beynəlxalq elmi konfransın xarici qonaqları Heydər Əliyev Mərkəzini, “Azərbaycan İES” MMC-ni və Mingəçevir Sənaye Parkını ziyarət ediblər.
Həmçinin beynəlxalq elmi konfransın qonaqları MDU-nun tələbə və magistrantları üçün ustad dərsləri keçiblər. Daha sonra qonaqların MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşləri təşkil edilib. Görüşlərdə bir sıra konkret istiqamətlər üzrə əməkdaşlığın reallaşdırılmasına dair ilkin razılıqlar əldə edilib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”