2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda “Universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında” hesabat dinlənilib. Aparılan müzakirələrdən sonra, hesabat qəbul edilib və universitetə tələbələrin cəlb edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonra, “MDU-da bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili haqqında” hesabat təqdim edilib. Müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla hesabat qəbul edilib.
Cari məsələlərə baxılması ilə davam edən iclasda MDU-da yeni yaradılmış Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin əsasnaməsi təsdiq edilib.
Daha sonra, MDU əməkdaşlarının əməkhaqlarının artırılması məsələsi müzakirə olunub. Məsələ barədə ətraflı məlumat verən rektor Ş.Bayramov ölkə başçısı tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib. Təhsil işçilərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs edən rektor universitetin mövcud maliyyə imkanları nəzərə alınmaqla təklif olunan mümkün əməkhaqqı artımlarını diqqətə çatdırıb. Təklif Elmi Şura üzvləri tərəfindən bəyənilib və 2023-cü ilin 1 yanvar tarixindən etibarən MDU əməkdaşlarının əməkhaqlarının orta hesabla 12% artırılmasına dair qərar qəbul edilib.
Sonda, Mingəçevir şəhərinin 2023-cü il üçün “Gənclər paytaxtı” elan edilməsi münasibətilə təbriklərini çatdıran rektor bu əlamətdar hadisənin MDU üçün önəmindən danışıb, həyata keçiriləcək müvafiq tədbirlərdə universitetin tələbə və müəllim kollektivi üzvlərini fəal olmağa çağırıb.