2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan “Milli istiqlal şairi Əhməd Cavad” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov elmi tədbirin Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. Azərbaycan ədəbiyyatında Əhməd Cavadın özünəməxsus yerə sahib olduğunu qeyd edən rektor istiqlal şairinin örnək həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyindən danışıb və konfransın önəmini vurğulayıb.
Sonra, proqrama uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Günel Yunusova “Əhməd Cavadın dünyagörüşündə türkçülük və istiqlalçılıq”, Fəxriyyə İsayeva “Əhməd Cavadın “Səsli qız” poemasında avtobioqrafik izlər”, Səbinə Novruzova “Mövzu rəngarəngliyi Əhməd Cavad poeziyasının özəlliyidir” və Ayna Babazadə “Əhməd Cavad yaradıcılığında istiqlal mücadiləsi” mövzusunda çıxış ediblər. Kafedranın digər əməkdaşlarından isə Pərvin Hüseynova “Əhməd Cavad şeirlərində Türkiyə məhəbbəti”, Səadət Ağakişiyeva “Əhməd Cavad yaradıcılığında qoşma”, Ceyran Vəliyeva “Əhməd Cavad poeziyasında nikbin və kədərli rənglərin vəhdəti”, Gülnar Vəliyeva “Xalqımızın tarixində əbədi yaşayan Əhməd Cavad şərqiləri” və Svetlana Balakişiyeva “Ümumtəhsil məktəblərində Əhməd Cavad yaradıcılığının tədrisi xüsusiyyətləri” mövzusunda məruzələrini təqdim ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.