600-dən yüksək balla MDU-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib

2024-cü il avqustun 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov, bu ali təhsil müəssisəsinə 600-dən yuxarı bal toplayaraq qəbul olunmuş Nərgiz Şirinova, Mədinə İbrahimova, Sevinc Abdulova və onların valideynləri ilə görüşüb.

Görüş zamanı tələbələri əldə etdikləri uğura, “Mingəçevir Dövlət Universitetinin tələbəsi” adını qazanmalarına görə təbrik edən Ü. Zeynalov onlara seçimlərinə görə minnətdarlığını bildirib. Prorektor, gənclərimizin daim özlərini inkişaf etdirməli olduqlarını vurğulayaraq, bütün tələbələri MDU-nun imkanlarından faydalanmağa və peşəkar kadr kimi formalaşmağa dəvət edib.

Tələbələr, diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. N. Şirinova 606,3 bal, M. İbrahimova 604,8 bal toplayaraq MDU-nun “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasına, S. Abdulova isə 605,3 bal toplayaraq “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul olunublar.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində MDU-ya qəbul olunmuş 500-dən yüksək bal toplayan tələbələrimizin sayı 16 nəfərdir. Onlardan 4-ü 600-dən yuxarı bal toplayıb. Ümumilikdə, ixtisas seçimi müsabiqəsinin ilkin nəticəsinə əsasən, MDU-nun qəbul planı 90 faizdən çox dolub. Cari tədris ilində 500-dən yuxarı bal toplayaraq MDU-ya qəbul olunmuş tələbələr birdəfəlik təqaüd alacaqlar.