“Azərbaycan müəllimi” qəzeti, 18.05.2023
Qəzetin PDF versiyası
Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, MDU-nun tələbə və əməkdaşları, Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, gənc müəllim və şagirdlər iştirak ediblər.
Görüşdən əvvəl ümummilli liderin MDU-nun inzibati binasındakı büstü önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyevin 100 illik yubileyi münasibətilə MDU tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Giriş nitqi ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov layihə barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi ümummilli liderin zəngin irsinin təbliği sahəsində ölkəmizdə reallaşdırılan kompleks və sistemli fəaliyyətlərə töhfə verməkdir. Layihə çərçivəsində ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərin MDU-nun tələbə və professor-müəllim heyəti ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Görüş iştirakçılarını salamlayan Firudin Qurbanov Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edib, gənc nəslin bu irsdən örnək götürməsinin vacibliyini bildirib. Ulu öndərin Azərbaycan dövlətinə və xalqına misilsiz xidmətlərini vurğulayan nazir müavini akademik Zərifə xanım Əliyevanı qlobal səviyyəli siyasətçinin əsas silahdaşı kimi dəyərləndirib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını bildirən Firudin Qurbanov təhsilin bütün səviyyələri üzrə müvafiq göstəricilərin dinamik artımını əks etdirən məlumatlar bölüşüb.
Ümummilli lideri gənclərin ən böyük himayədarı kimi xarakterizə edən nazir müavini tələbə və şagirdləri məsuliyyətli və təşəbbüskar olmağa səsləyib. Müstəqilliyimizi əbədi edən ulu öndərin siyasətinin bu gün uğurla davam etdirildiyini bildirən Firudin Qurbanov 44 günlük Vətən müharibəsi nəticəsində Heydər Əliyevin ən böyük arzusunun reallaşdırıldığını diqqətə çatdırıb.
Daha sonra Firudin Qurbanov görüş iştirakçılarının suallarını cavablandırıb.