MDU-da “Effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

  • Post category:Karyera

2024-cü ilin 27 sentyabrında Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Effektiv Ünsiyyət” mövzusunda təlim keçirilib.

Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxovun təqdimatı ilə keçirilən təlimdə MDU-nun gənc əməkdaşları və tələbələri iştirak edib.

Təlim 27 sentyabr – Anım Gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. MDU-nun Təcrübə və Karyera İnkişafı Mərkəzinin müdiri Nuran Cəfərov giriş nitqi ilə çıxış edərək təlimin işinə uğurlar arzulayıb.

T.Sadıxov mövzu ilə bağlı açıqlama verərək bildirib ki, təlimin əsas məqsədi iştirakçılara müasir dünyada ünsiyyət bacarıqlarının əhəmiyyətini izah etmək və onların şəxsi, eləcə də peşəkar həyatlarında daha uğurlu ünsiyyət qura bilmələri üçün lazımi bilik və bacarıqları qazandırmaqdır.

Təlimdə insanlarla aydın və düzgün ünsiyyət qurmaq bacarığı, gündəlik və peşəkar həyatlarında effektiv əlaqələr yaratmaq, təqdimatlar zamanı fikirlərini aydın və inandırıcı şəkildə çatdırmaq, qrup işlərində və komanda layihələrində konstruktiv əməkdaşlıq etmək, müzakirələrdə fəal iştirak etmək və auditoriyanı cəlb edəcək maraqlı və təsirli məzmun hazırlamaq kimi mövzular barədə dərin izahlar verilib.

Sonda təlimçi tələbələrin suallarını cavablandıraraq, onlara şəxsi inkişaflarında ünsiyyət bacarıqlarını necə təkmilləşdirmək barədə tövsiyələr verib. Tədbir böyük maraqla qarşılanıb və iştirakçılar tərəfindən çox faydalı hesab olunub.

Qeyd edək ki, bu cür təlimlərin müntəzəm keçirilməsi universitet tələbələrinin gələcəkdə əmək bazarına hazır olmaları baxımından mühüm əhəmiyyət kəsb edir. Təlim zamanı əldə olunan bilik və bacarıqlar tələbələrin peşəkar həyatda uğurlu karyera qurmasında böyük rol oynayacaqdır.