Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin elmi potensialının gücləndirilməsinə yönəlmiş “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Elm və İnnovasiya” proqramına həsr olunmuş infosessiya təşkil olunub. Tədbir onlayn formatda, “Google Meet” platforması üzərindən baş tutub.
İnfosessiyada “Bir Könüllü” Tələbə Təşkilatının nümayəndələri Bayram Bayramov və Cavid Quluyev, MDU-nun rəhbər heyətindən bir qrup nümayəndə və tələbələr iştirak ediblər.
Görüş zamanı B.Bayramov və C.Quluyev tərəfindən proqramın məqsəd və məzmunu barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elm və İnnovasiya” Proqramı riyaziyyat, fizika, kimya, biologiya, mühəndislik və digər təbiət və texniki elmlər üzrə təhsil alan 1-4-cü kurs bakalavr tələbələri üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi tələbələrin elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək, onları texnologiya və innovasiya sahəsində praktik təcrübə ilə təmin etmək və beynəlxalq elmi əməkdaşlıq mühitinə inteqrasiya olunmalarına dəstək göstərməkdir. Proqram çərçivəsində tələbələr müxtəlif elmi-tədqiqat layihələrində iştirak imkanı əldə edəcəklər, sahə üzrə peşəkarlarla keçiriləcək təlimlərdə və seminar-mühazirələrdə iştirak edərək biliklərini artıracaqlar, real elmi mühitdə komanda işi və yenilikçi düşüncə bacarıqları qazanacaqlar.
İnfosessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, proqramın əhatə dairəsi və perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, MDU tələbələrinin “Elm və İnnovasiya” proqramına aktiv şəkildə cəlb olunması istiqamətində razılıq əldə edilib.