Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Fizika və ekologiya kafedrasının baş müəllimi Vüqar Sarıyevin 55 illik yubileyi qeyd edilib.
Yubiley tədbirində universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov yubilyarın uzunmüddətli pedaqoji fəaliyyətini yüksək dəyərləndirərək, onun universitetin elmi və tədris mühitinə verdiyi töhfələrdən bəhs edib, universitet rəhbərliyinin təbrikini çatdırıb.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev və Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva da çıxış edərək Vüqar Sarıyevin gənc nəslin yetişdirilməsində və təhsilin inkişafında göstərdiyi səmərəli fəaliyyətini vurğulayıblar.
Fizika və ekologiya kafedrasının əməkdaşları çıxış edərək yubilyarın həm peşəkar, həm də insani keyfiyyətlərini qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Vüqar Sarıyev göstərilən diqqət və səmimi təbriklərə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Vüqar Sarıyev MDU-dakı əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. Bu illər ərzində o, laboratoriya müdiri, müəllim və hazırda baş müəllim vəzifələrində çalışaraq, universitetin elmi-pedaqoji həyatında fəal iştirak edib.