Mingəçevir Dövlət Universitetində Dayanıqlı Gələcəyə Tələbə İmzası: Yağış Suyunun Təkrar Emalı Sistemi Hazırlanıb

  • Post category:MSU News

Mingəçevir Dövlət Universiteti tələbələrinin iştirakı ilə kampus mühitində su resurslarının səmərəli idarə olunmasına yönəlmiş innovativ layihə hazırlanıb. Tələbələr tərəfindən hazırlanmış model qurğu yağış sularının toplanması, təmizlənməsi və təkrar istifadəsini təmin edən ekoloji həll kimi diqqət çəkir.

Layihənin əsas məqsədi iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasına dəstək vermək, dayanıqlı yanaşmaları təşviq etmək və universitet kampusunda alternativ su idarəetmə modellərinin tətbiqinə töhfə verməkdir.

Hazırlanan sistem vasitəsilə yağış suları xüsusi toplama mexanizmi ilə rezervuarlara yönləndirilir, daha sonra çoxmərhələli filtrasiya prosesindən keçirilərək müxtəlif texniki məqsədlər üçün istifadəyə yararlı vəziyyətə gətirilir. Modeldə suyun toplanması, mexaniki təmizlənməsi, filtrasiya və yenidən istifadəsi mərhələləri nəzərdə tutulub.

Layihə kampus ərazisində su sərfiyyatının azaldılması, alternativ su mənbələrinin təşviqi və ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sistemin gələcəkdə yaşıllıq sahələrinin suvarılması, texniki təmizlik işləri və digər qeyri-içməli istifadə istiqamətlərində tətbiqi nəzərdə tutulur.

Tələbələrin təşəbbüsü universitetdə formalaşdırılan “yaşıl kampus” konsepsiyasının və tələbəyönümlü ekoloji innovasiyaların uğurlu nümunələrindən biri hesab olunur. Layihə eyni zamanda tələbələrin praktik bilik və bacarıqlarının inkişafına, ekoloji məsuliyyətin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə uyğun həllərin təşviqinə xidmət edir.

Universitet rəhbərliyi tərəfindən bildirilib ki, bu kimi tələbə təşəbbüsləri su ehtiyatlarının qorunması, karbon izinin azaldılması və ekoloji davamlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə mühüm töhfə verir. Hazırlanan modelin gələcəkdə daha da təkmilləşdirilərək real kampus infrastrukturuna inteqrasiya olunması planlaşdırılır.