Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

2026-cı il fevralın 13-də Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu” çərçivəsində universitet ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının direktoru Rəhman Rəsulzadə tərəfindən imzalanaraq tərəflər arasında elm, təhsil və innovasiya sahələrində uzunmüddətli və sistemli əməkdaşlığın əsasını qoyub.

Sənədə əsasən, tərəflər robotexnika, mühəndislik, süni intellekt, proqramlaşdırma və STEM istiqamətləri üzrə tədris əməkdaşlığının qurulması, elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, eləcə də kadr hazırlığı, ixtisasartırma və bacarıqların inkişafı sahələrində birgə fəaliyyət göstərəcəklər.

Memorandum çərçivəsində MDU və AREA-nın mütəxəssis, müəllim və ekspertlərinin qarşılıqlı şəkildə tədris və layihə fəaliyyətlərinə cəlb edilməsi, seminarlar, forumlar, konfranslar, hakatonlar və qısamüddətli təlimlərin təşkili, tələbələr üçün praktiki məşğələlər, laboratoriya işləri və layihə əsaslı öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, birgə elmi-tədqiqat və innovasiya layihələrinin hazırlanması və icrası, təhsil texnologiyaları və innovativ tədris metodları üzrə təcrübə mübadiləsi əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.

Əməkdaşlıq çərçivəsində ömürboyu təhsil modelinin inkişafına xüsusi önəm verilir. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olan Ömürboyu Təhsil Məktəbi birgə təlim və sertifikat proqramlarının təşkili, iştirakçıların qeydiyyatı, qiymətləndirilməsi və sertifikatlaşdırma prosesinin icrasında əsas icraedici platforma kimi çıxış edəcək. Robotexnika, süni intellekt, proqramlaşdırma və mühəndislik istiqamətləri üzrə sertifikat proqramlarının, eləcə də peşəkarlar və sənaye nümayəndələri üçün qısamüddətli ixtisasartırma və yenidənhazırlanma proqramlarının təşkili planlaşdırılır.

Memorandumda, həmçinin AREA-nın Mingəçevir filialının açılması, region üzrə məktəblilər və gənclər üçün STEM əsaslı hazırlıq kurslarının təşkili, beynəlxalq və yerli robotexnika yarışları zamanı universitetin laboratoriya və emalatxana imkanlarından istifadə edilməsi, eləcə də MDU-nun müəllim və tələbələri üçün mentorlu robototexnika təlimlərinin keçirilməsi kimi mühüm məsələlər öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq 2026-cı ildə Mingəçevir Dövlət Universitetinin yaradılmasının 35 illiyi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının fəaliyyətinin 10 illik yubileyi ilə üst-üstə düşür. Bu amil imzalanan Anlaşma Memorandumuna xüsusi rəmzi və strateji məna qazandıraraq təhsil, elm və innovasiyanın birgə inkişafına verilən önəmi bir daha nümayiş etdirir.