2022-ci ilin 15 dekabr tarixində “Birgə və Sağlam” İctimai Birliyinin (BSİB) nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub. BSİB-in həmtəsisçisi Həzi Eynalov, koordinatoru, klinik psixoloq Milana Həsənova və terapiya üzrə supervayzeri, hüquq psixoloqu Aynur Qəribovanın təmsil olunduqları heyət, əvvəlcə, MDU-nun rektoru Şahin Bayramov ilə görüşüb.
Görüşdə cari ilin noyabr ayında MDU və BSİB arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumu diqqətə çatdırılıb, bu çərçivədə razılaşdırılan birgə fəaliyyətlərin icrasından irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq razılıq əldə edilib.
Sonra Birliyin təşkilatçılığı ilə universitetdə “Autizm nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə autizmli uşaqlar və onların valideynləri, MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən rektor Ş.Bayramov ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş və BSİB-in nəzdində fəaliyyətinə dəstək göstərilən Autizm Mərkəzinin bunun bariz nümunələrindən biri olduğunu diqqətə çatdıran Ş.Bayramov autizm spektr pozuntulu uşaqların müstəqil həyata hazırlanması üçün hərtərəfli imkanlar təqdim edən bu məkanı ötən ay ziyarət edərkən xoş təəssüratlarla ayrıldığını bildirib. MDU-nun cəmiyyətə faydalı çoxşaxəli işbirliyində maraqlı olduğunu qeyd edən Ş.Bayramov BSİB ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu istiqamətdə birgə fəaliyyətlərin davamlılığını arzulayıb.
Səmimi qarşılanmaya və göstərilən diqqətə görə təşəkkürünü bildirən Birliyin həmtəsisçisi H.Eynalov Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi ilə autizmli uşaqların problemlərinin həlli istiqamətində həyata keçirdikləri layihələrdən və tədbirlərdən bəhs edib. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Autizm Mərkəzinin yaranma məqsədi və göstərdiyi xidmətlər barədə danışıb. Qeyd edib ki, başlıca məqsəd ölkədə autizm spektr pozuntusu olan uşaqların erkən yaşda müəyyənləşdirilməsi, onların xüsusi təhsil, məktəbəqədər təhsil, ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi ehtiyaclarına uyğun tədrisin təmin olunmasıdır. Bu baxımdan geniş maarifləndirmə və məlumatlandırma işlərinə ehtiyacın yarandığını bildirən H.Eynalov pedaqoji profilli kadrlar hazırlayan və hazırda müasirləşmə yolunda mühüm addımlar atan MDU ilə əməkdaşlığın faydalı olacağına inandığını söyləyib.
Sonra, BSİB-in klinik psixoloqu M.Həsənova “Autizm spektr pozuntusu” və hüquq psixoloqu A.Qəribova “Autizmdə effektiv müdaxilələr (ABA – Tətbiqi Davranış Analizi)” mövzularında təqdimatlarla çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Daha sonra, tədbirdə autizmli uşaqlar və onların valideynləri ilə söhbətlər aparılıb.
Qeyd edək ki, MDU regionda həyata keçirilən müxtəlif sosialyönümlü layihələrdə fəal iştiraka və bununla bağlı faydalı tərəfdaşlıqlara xüsusi önəm verir.