Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ask.org

2022-ci ilin 22 aprel tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov və müşaviri Hamiz Mahmudov, ASK-nın birinci vitse-prezidenti Vüqar Zeynalov, baş katib Kristina Məmmədova, Konfederasiya prezidentinin baş məsləhətçiləri Şəbnəm Nuriyeva və Fərid Vəlizadə iştirak ediblər.

Səmimi görüşə görə təşəkkürünü bildirən MDU-nun rektoru Ş.Bayramov universitetin strateji hədəflərindən söhbət açıb. Rektor yeni dövrün universitetinə çevrilmək, regionun innovasiya ekosisteminin drayveri olmaq, keyfiyyətli təhsil və tədqiqat xidmətləri göstərmək üçün sənaye ilə işbirliyinin önəmini vurğulayıb. Bu məqsədlə universitet-sənaye əməkdaşlığının prioritet fəaliyyət istiqamətlərindən olduğunu qeyd edən rektor bununla bağlı son dövrdə MDU-da atılan addımları və əldə olunan nəticələri diqqətə çatdırıb. Özündə minlərlə sahibkarlıq subyektini birləşdirən Konfederasiya ilə əlaqələrin qurulmasının görülən işlərə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirən Ş.Bayramov qarşılıqlı faydalı əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb.

Universitet heyəti ilə görüşdən məmnunluğunu bildirən ASK-nın birinci vitse-prezidenti V.Zeynalov ali təhsil müəssisələrinin cəmiyyətin sosial-iqtisadi inkişafında rolundan danışıb. Universitetlərin sahibkarlığın inkişafına töhfə baxımından geniş potensial imkanlara sahib olduğunu deyən V.Zeynalov, eyni zamanda, sənaye ilə işbirliyinin əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığına, səmərəli tətbiqi tədqiqatların həyata keçirilməsinə və innovasiya ekosisteminin inkişafına əhəmiyyətli təsir göstərdiyini qeyd edib. Regionlarda sahibkarlığın inkişafına dəstək məsədilə ASK tərəfindən həyata keçirilən layihələrdən bəhs edən Konfederasiyanın birinci vitse-prezidenti MDU ilə əməkdaşlığa daim açıq olduqlarını bildirib və bu məqsədlə konkret təkliflərini diqqətə çatdırıb.

Aparılan müzakirələrdən sonra, görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə müvafiq fəaliyyət planının hazırlanması barədə razılıq əldə edilib

Qeyd edək ki, regional ekosistemin mühüm aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.