Azərbaycanın enerji müstəqilliyinə gedən yol: Heydər Əliyevin uzaqgörən siyasəti və geoiqtisadi təşəbbüsləri

  • Post category:Mexanika

Məqalədə Azərbaycanın enerji müstəqilliyinə gedən yolundan, bu prosesdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi geoiqtisadi təşəbbüslərdən bəhs edilir.

Azərbaycanda Energetikanın inkişafı XX əsrin əvvəllərində bilavasitə neft sənayesinin inkişafı ilə bağlı olmuşdur. Sovetlər dönəmində Azərbaycan ittifaq daxilində öz sənayesini, iqtisadiyyatını İttifaq Respublikaları ilə birgə zəncirvari əməkdaşlıqla inkişaf etdirmişdir. Dahi Lider, Ulu Öndər Heydər Əliyevin Sovet Hakimiyyət orqanlarında rəhbər vəzifədə olduğu dövrdə Azərbaycanda çoxlu sayda sənaye müəssisələri, elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. 1974-cü ildə Mingəçevirdə “AzDRES”-in (indiki “Azərbaycan İES”)  təməli qoyulmuş və Ulu Öndərin iştirakı ilə stansiyanın 1-ci bloku 1981-ci ildə istismara verilmişdir. Növbəti hər ildə bir blok istifadəyə verilərək 1988-ci ildə 8-ci blok 2400 MVt gücündə Cənubi Qafqazın kritikdən yüksək parametrlərlə işləyən İstilik Elektrik Stansiyası tam gücü ilə işləməyə başlamışdır. Bu stansiyanın istismata verilməsi ilə Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən mühüm energetika mərkəzinə çevrildi. Bu sadəcə bir tikinti layihəsi deyildi, bu, gələcək müstəqil Azərbaycanın iqtisadi onurğa sütununun, enerji güvənliyinin əvvəlcədən düşünülmüş şəkildə formalaşdırılması idi.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, ciddi siyasi və iqtisadi çətinliklərlə üz-üzə idi. Enerji sektoru zəif idarə olunur, investisiya çatışmazlığı hökm sürürdü. Bu şəraitdə ölkənin enerji resurslarından səmərəli istifadə və beynəlxalq bazarlara çıxış həyati əhəmiyyət kəsb edirdi.

         Müstəqilliyimizi yenicə bərpa etdiyimiz dövrdə ölkə siyasi və iqtisadi uçurumun kənarında idi. 1993-cü ildə Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev yaxşı anlayırdı ki, siyasi müstəqilliyin zəmanəti iqtisadi müstəqillikdir. Ulu Öndərin dahi uzaqgörənliyi ondan ibarət idi ki, o, karbohidrogen ehtiyatlarımızı sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, Azərbaycanın dövlət müstəqilliyini qoruyacaq sarsılmaz bir geosiyasi qalxan kimi görürdü.

1994-cü ili sentyabrın 20-də imzalanan tarixi “Əsrin müqaviləsi” və qeyri-mümkün hesab edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ölkəmizin enerji resurslarını dünya bazarına çıxardı.   Əsrin müqaviləsinin imzalanması Azərbaycanın enerji strategiyasında dönüş nöqtəsi oldu. Bu müqavilə dünyanın aparıcı neft şirkətlərini Xəzər hövzəsinə cəlb etdi və ölkəyə böyük həcmdə xarici investisiyaların daxil olmasına şərait yaratdı. Bu addım yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Bu addımlar sayəsində:

  • Xarici investisiya axını təmin edildi
  • Böyük dövlətlərin iqtisadi maraqları Azərbaycanın təhlükəsizlik maraqları ilə uzlaşdırıldı
  • Milli iqtisadiyyatın bərpası və müasir ordunun qurulması üçün davamlı maliyyə mənbəyi yaradıldı
  • Neft Kapitalından İnsan kapitalına və Şanlı Zəfərə doğru yola başlanıldı

Neft strategiyası və boru kəmərləri siyasəti

Heydər Əliyevin həyata keçirdiyi çoxşaxəli neft strategiyası çərçivəsində əsas məqsəd enerji resurslarının dünya bazarlarına təhlükəsiz və şaxələndirilmiş yollarla çıxarılması idi.

Bu strategiyanın ən mühüm nəticələrindən biri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşdırılması oldu. Bu kəmər Azərbaycan neftini birbaşa Aralıq dənizinə çıxararaq ölkənin enerji ixracını genişləndirdi və tranzit risklərini azaltdı. Geoiqtisadi təşəbbüslər və regional əməkdaşlıq genişləndi.

Heydər Əliyevin siyasəti yalnız enerji istehsalı ilə məhdudlaşmırdı. O, Azərbaycanı regionun mühüm enerji və nəqliyyat qovşağına çevirmək məqsədi güdürdü.Bu baxımdan ölkə beynəlxalq layihələrdə aktiv iştirak etməyə başladı və enerji diplomatiyası gücləndirildi. Azərbaycan etibarlı tərəfdaş kimi tanındı və Avropa enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.

Enerji müstəqilliyinin nəticələrini belə dəyərləndirmək olar:

Ulu Öndərin  uzaqgörən siyasətinin nəticəsində Azərbaycan:

  • Enerji resurslarına tam nəzarət əldə etdi
  • İqtisadi inkişafını sürətləndirdi
  • Dövlət büdcəsini və valyuta ehtiyatlarını artırdı
  • Regional və qlobal siyasətdə təsir gücünü genişləndirdi

Bu gün Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Nəticə etibarilə, Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində həlledici rol oynadı. Onun uzaqgörən qərarları və geoiqtisadi təşəbbüsləri ölkəni qlobal enerji xəritəsində mühüm aktora çevirdi.

Heydər Əliyevin təməlini qoyduğu strategiya, siyasət  Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilərək Azərbaycanın davamlı inkişafına xidmət edərək daha böyük miqyasa qaldırıldı. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas qarantlarından birinə çevirdi. Biz bir həqiqəti heç vaxt unutmamalıyıq: Azərbaycanın enerji sahəsində qazandığı iqtisadi güc bizim ordumuzun gücünə çevrildi. Enerji müstəqilliyindən əldə edilən resurslar bizə imkan verdi ki, kimsədən asılı olmadan müasir silahlar alaq, güclü ordu quraq və illərlə gözlədiyimiz o böyük hədəfə-ərazi bütövlüyümüzün bərpasına nail olaq. Məhz həmin iqtisadi və enerji müstəqilliyi bizi 44 Günlük Vətən Müharibəsində Şanlı Qələbəyə çatdırdı.

1999-cu ilin iyun ayında Bakıda mənim də iştirak etdiyim, həmin vaxt  əmək fəaliyyəti ilə məşğul olduğum  Ə.Bayramzadə adına 1 nömrəli İEM-də Ulu Öndər Heydər Əliyevin  yeni qaz-turbin qurğusunun təməl daşını qoyması Azərbaycan Energetika tarixinin əlamətdar hadisələrindəndir.

           Nəhayət Tarixi Davamlılıq “8 Noyabr” İES, Heydər Əliyev ideyalarının təntənəsi:

13 fevral 2023-cü il tarixində Bakıda “Gülüstan” sarayında Azərbaycanın energetiklər şəhəri olan Mingəçevirdə tikiləcək layihədə qeyd olunmuş 1300 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyulma mərasimi keçirildi.

Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci il iyunun 24-də 2 ilə tikilib başa çatdırılmış 1880 MVt gücündə olan stansiyanın açılışı oldu. Bu Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin əyani sübutudur. Bu stansiyaya məhz Şanlı Zəfərimizin tarixi – 8 Noyabr adı verildi. Niyə məhz 8 Noyabr? Çünki əsası Heydər Əliyev tərəfindən qoyulan enerji müstəqilliyi siyasətimiz illər sonra bizim Zəfərimizə çevrildi.

Heydər Əliyevin enerji siyasəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Onun təşəbbüsləri nəticəsində ölkə qlobal enerji sistemində strateji mövqe qazanmış və iqtisadi inkişaf üçün davamlı əsaslar formalaşdırılmışdır.

Bu siyasət bu gün də uğurla davam etdirilir və Azərbaycanın davamlı inkişafına xidmət edir.

Mahir İsmayılov,

Mingəçevir Dövlət Universiteti,

 Mexanika kafedrasının müdiri, dosent