“Azərbaycan müəllimi” qəzeti, 06.01.2023
Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilir
2023-cü il Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.
Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.
Məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyinin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı ciddi həyati təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir.
Müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur.
Bu gün biz bu izləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görürük. Eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapır. Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. Bu müqəddəs irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli vəzifələrindəndir.
Xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği əsas missiyalarından biri Vətənə və dövlətə layiqli mütəxəssis kadrlar hazırlamaq olan Mingəçevir Dövlət Universitetində (MDU) də diqqət mərkəzində saxlanılır. Bu baxımdan, yenicə yekun vurduğumuz 2022-ci il MDU-da Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü, anım günü, Milli Qurtuluş Günü və dahi şəxsiyyətin adı ilə bağlı digər əlamətdar tarixi hadisələrin qeyd edilməsi ilə yadda qalmışdır.
Heydər Əliyev dühası və müasir Azərbaycan
2022-ci ilin 4-5 may tarixlərində MDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunan “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransdan əvvəl MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülmüş və görkəmli dövlət xadiminin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsi, 6 elmi-tədqiqat institutu olmaqla, bütövlükdə 22 fərqli təşkilatdan Ulu Öndərin titanik fəaliyyətinin müxtəlif istiqamətlərinə dair 116 məqalə və tezis daxil olmuşdur. Konfrans çərçivəsində plenar və bölmə iclasları keçirilmişdir. Plenar iclasda MDU-nun rektoru Şahin Bayramov “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur”, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqı üçün əbədi örnəkdir”, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Adilə Abasova “Heydər Əliyev: xatirələrdə əbədi yaşayan tarixi şəxsiyyət”, Milli Məclisin deputatı Ceyhun Məmmədov “Heydər Əliyev: elm və təhsilimizin böyük himayədarı”, Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu “Azərbaycanın türk dünyasına qovuşmasında Ulu Öndərin misilsiz xidmətləri” və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşır Yusibov “Heydər Əliyev: qlobal siyasət nəhəngi” mövzularında məruzələrlə çıxış etmişdirlər.
15 iyun 1993-cü il: Azərbaycan xalqını parlaq gələcəyə aparan yolun başlanğıcı
2022-ci ilin iyunun 13-də MDU-da Milli Qurtuluş Gününə həsr olunan “15 iyun 1993-cü il: Azərbaycan xalqını parlaq gələcəyə aparan yolun başlanğıcı” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransın açılışında MDU-nun rektoru çıxış etmişdir. Açılış nitqində Azərbaycan xalqının taleyində dönüş anı – 15 iyun tarixinin ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıdığı bildirilmiş və Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından bəhs edilmişdir. Vurğulanmışdır ki, məhz dahi şəxsiyyətin titanik fəaliyyəti, uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtulmuş və əbədi müstəqilliyinə qovuşmuşdur. Qeyd edilmişdir ki, müstəqil dövlətçiliyin əsaslarının yaradılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitlik, milli birlik və həmrəyliyin təmin olunması, hərtərəfli, davamlı və dinamik inkişaf yoluna qədəm qoyulması və dövlətimizin dünya birliyində mövqeyinin güclənməsi əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Konfransın bölmə iclaslarında MDU əməkdaşları “Heydər Əliyev: adı Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış xilaskar lider”, “Heydər Əliyev milli iqtisadi dirçəliş konsepsiyasının müəllifidir”, “44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin təməl tarixi”, “Təhsili ali kürsüyə qaldırmış dahi şəxsiyyət” və “Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi: Heydər Əliyev” mövzularında məruzələrlə çıxış etmişlər.
Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir
2022-ci ilin dekabrın 12-də MDU və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda şəhər partiya təşkilatının nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak etmişlər. Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış etmişlər. Çıxışlarda Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi bütün illər Azərbaycan tarixində qızıl dövr kimi xarakterizə olunmuş və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi bildirilmişdir. Konfransda “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı videoçarx nümayiş etdirilmiş və MDU əməkdaşlarının “Heydər Əliyev – şanlı keçmişimizi işıqlı gələcəyə daşıyan lider”, “Heydər Əliyev Azərbaycan təhsilinin ən böyük himayədarı kimi”, “Heydər Əliyev zəkasının işığında aydınlanan elmimiz”, “Heydər Əliyev: Azərbaycanın davamlı iqtisadi inkişafının memarı”, “Heydər Əliyev və İKT sahəsinin inkişafı”, “Heydər Əliyev siyasətində Azərbaycan turizminin inkişafının yeri” və “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzularında məruzələri dinlənilmişdir.
İdeoloji maarifləndirmə tədbirləri
2022-ci il fevralın 28-də “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda MDU-da keçirilən elmi seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak etmişdir. Seminarda MDU-nun əməkdaşları “Heydər Əliyevin regional inkişaf strategiyası”, “Heydər Əliyev və Azərbaycanda xarici iqtisadi siyasətin inkişaf strategiyasının formalaşması”, “Rəqabət qabiliyyətli aqrar iqtisadiyyatın formalaşması – Heydər Əliyev iqtisadi siyasətinin təcəssümü kimi” və “Heydər Əliyevin neft strategiyası” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Heydər Əliyevin milli maraqlarımıza uyğun işləyib hazırladığı hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasından və onun uğurla reallaşdırılmasında göstərdiyi misilsiz və müstəsna xidmətlərdən, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin gücləndirilməsinə hədəflənən məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasətindən bəhs edilmişdir. Eyni zamanda dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının ictimai həyatın bütün sahələrinin tərəqqisinə və sosial rifahın yüksəlməsinə verdiyi töhfələrdən danışılmışdır. Qeyd edilmişdir ki, hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada mövqelərini daha da möhkəmləndirmiş və regionda lider dövlətə çevrilmişdir.
2022-ci ilin 17 fevral və 22 aprel tarixlərində – MDU Tələbə Gənclər Təşkilatının və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbə və magistrantı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya etmişdirlər. Ekskursiyada gənclərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin müstəqilliyinin qorunması, gücləndirilməsi və tərəqqisi naminə misilsiz xidmətləri haqqında məlumatlar verilmiş və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılmışdır. Eləcə də tələbə və magistrantlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olmuşlar.
Ulu Öndərə həsr edilən müsabiqə və yarışlarda fəal iştirak
Ötən ilin aprel-may aylarında Elm və Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqə-festivalına MDU tələbələri də fəal qatılmışdır. Festival gəncləri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda hazırlamaq məqsədilə keçirilmişdir. Respublika üzrə 28 ali məktəb və 3000-dən artıq tələbənin iştirak etdiyi festivalda gənclər bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş etdirmişlər. Müsabiqə-festivalda “Müasir rəqs” nominasiyası üzrə II yer tutan MDU Elm və Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. Bununla yanaşı, universitetdə tələbələr arasında inşa, şeir və rəsm müsabiqəsi təşkil edilmişdir.
2022-ci il mayın 6-da MDU və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş voleybol üzrə təhsil müəssisələri arasında şəhər turniri keçirilmişdir. Yarışda MDU-nu təmsil edən iki voleybol komandası şəhər turnirini qalibiyyətlə başa vuraraq müvafiq olaraq birinci və üçüncü yerləri bölüşdürmüşdür.
Keçən il noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında da MDU fəal təmsil olunmuşdur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən bilik yarışında MDU komandası 13-cü yerdə qərarlaşmışdır. Qeyd edək ki, Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsi, gənclər arasında təbliği məqsədi daşıyan bu layihə ənənəvi olaraq hər il keçirilir.
Tələbələr və şagirdlər üçün mühazirələr və kitab sərgisi
2022-ci il mayın 6-da MDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda mühazirə keçirilmişdir. Universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə təşkil edilmiş mühazirədə Heydər Əliyevin titanik və çoxşaxəli fəaliyyətindən, milli maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik siyasətindən bəhs edilmişdir.
2022-ci il 5-10 may tarixlərində MDU və Mingəçevir Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə universitetin bir qrup müəllimi tərəfindən şəhərin yeddi məktəbində şagirdlər üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mühazirələr oxunmuşdur. Mühazirələrdə Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışılmış, əbədiyaşar liderin gənclərlə bağlı tövsiyələri xatırlanmışdır.
2022-ci il iyunun 14-də MDU-da Milli Qurtuluş Gününə həsr edilən “Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz edən xilaskar lider” mövzusunda mühazirədə isə bu əlamətdar tarixi günün ictimai-siyasi əhəmiyyətindən bəhs edilmiş və gənclərə Heydər Əliyevin xilaskarlıq missiyası barədə ətraflı məlumat verilmişdir.
Ötən ilin may ayında MDU Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan kitab sərgisi keçirilmişdir. Sərgidə gənclər əbədiyaşar liderin zəngin həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən kitablarla tanış olmuşlar.
“Heydər Əliyev İli” çərçivəsində fəaliyyətlərin davamı
2022-ci ilin dekabrın 1-də MDU Elmi Şurası tərəfindən “Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında” təkliflər qəbul edilmişdir.
Əminik ki, “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna və titanik dövlətçilik fəaliyyətinə həsr edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən tədbirlər planının reallaşdırılması gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə misilsiz töhfələr verəcəkdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru