“Azərbaycan” qəzetinin 08 avqust 2020-ci il tarixli buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub

Yeni keyfiyyət mərhələsi

 Azərbaycan, 08 avqust 2020-ci il

          Qəzetin PDF versiyası

Başa çatan tədris ili ali təhsilimizin inkişafında yeni bir mərhələ olmaqla, ilk növbədə, dördüncü sənaye inqilabının başlanması, rəqəmsal texnologiyaların sürətli inkişafı və qlobal pandemiya ilə şərtlənən müasir reallıqlar və yeni çağırışlarla xarakterizə oluna bilər. Təbii ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilən dövlət siyasətinin məzmununda ali təhsilin prioritet yer tutması xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində proqram xarakterli tarixi çıxışı və ali təhsil müəssisələri qarşısında konkret vəzifələr qoyması cari tədris ilində ali təhsilimizin ən mühüm hadisəsi kimi qiymətləndirilməlidir. Həmin çıxışda yüksəkixtisaslı kadr hazırlığının Azərbaycanın potensial sosial-iqtisadi inkişaf perspektivləri, milli-mənəvi dəyərlər və vətənpərvərlik tərbiyəsi kimi mühüm amillər nəzərə alınmaqla müasirləşdirilməsinin və təkmilləşdirilməsinin vacibliyi bəyan edilmişdir.

2019-2020-ci tədris ilində Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən kompleks tədbirlər, ilk növbədə, əsas strateji hədəfə – paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanmışdır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınmışdır.

Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilImizdəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilmişdir.

Prioritet istiqamətlər üzrə əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi istiqamətində mühüm inkişaf əldə olunmasına imkan vermişdir. Məhz bu amil həm universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə dəstək vermişdir.

Son tədris ilində universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilmişdir. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə 2400-dən artıq tələbə və magistrant təhsil almışdır.

İlk dəfə olaraq MDU-da tədris ilinə hazırlıqla bağlı müvafiq əmr verilmişdir. Mövcud qanunvericiliyin tələbləri və aparıcı universitetlərin müsbət təcrübəsi əsasında hazırlanmış əmrdə müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilmişdir. Funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.

Struktur islahatları çərçivəsində yeni yaradılan Tədris şöbəsi innovativ yönümlü təhsilin təşkili, proqnozlaşdırılması və planlaşdırılması, keyfiyyətin monitorinqi və qiymətləndirilməsi, tələbələrin qeydiyyatı və hərəkəti, məzunlarla iş, sənədləşmələrin sistemləşdirilməsi sahəsində mühüm rol oynamışdır. Şöbənin yaradılması ilə tədris idarəçiliyi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir.

Yeni təlim texnologiyalarından istifadə, interaktiv dərslərin keçirilməsi üçün elektron avadanlıqlarla təchizat, dərslik və dərs vəsaitləri ilə təminat, qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini artıq payız imtahan sessiyasında vermişdir.

Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olmuşdur. Kollektivin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində MDU bu vəzifənin öhdəsindən gələ bilmişdir. Bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində tədrisin məsafədən təşkili mümkün olmuşdur. “ZOOM” və “Microsoft Teams” platformaları üzərindən 200-dən çox fənn üzrə 3759 virtual dərs keçirilmişdir. Akademik heyətin hazırladığı 710 “videodərs” Youtube kanalında ümumilikdə 100 min dəfədən çox izlənilmişdir. Müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, yaz semestrində tədris olunan fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olunmuşdur.

Yaz semestrinin imtahan sessiyasına hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər imtahan prosesinin operativ və çevik şəkildə idarə edilməsinə imkan vermişdir. Sessiyanın obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində akademik və inzibati heyət, “İmtahan Qərargahı”, müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu”nun üzvləri fəal iştirak etmişlər.

İmtahanlarla bağlı müraciətlərə operativ baxılmasında və biliyin obyektiv qiymətləndirilməsinin təmin olunmasında “Apellyasiya Komissiyası” mühüm rol oynamışdır. İlk dəfə olaraq MDU-da reallaşdırılan “İmtahan könüllüləri” layihəsinə qoşulan könüllü sonuncu kurs tələbələri imtahan prosesində çevikliyin təmin olunmasına mühüm töhfələr vermişlər. İlk dəfə olaraq online formatda təşkil edilmiş magistrlik dissertasiyalarının müdafiəsi də uğurla başa çatmışdır.

Yaz imtahan sessiyasında bakalavriat səviyyəsində müvəffəqiyyət göstəricisi 99.3 faiz, keyfiyyət göstəricisi isə 27.5 faiz olmuşdur. Bu göstəricilər payız imtahan sessiyasında müvafiq olaraq 80.9 faiz və 16.9 faiz təşkil etmişdir. Eyni göstəricilər magistratura səviyyəsində müvafiq olaraq 100 faiz və 85 faiz 98.4 faiz və 64 faiz olmuşdur.

Tədris ilində elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilmişdir. Bu dövrdə 4 elm sahəsi üzrə (təbiət, texniki, ictimai, humanitar elmlər) ümumilikdə 13 problemə dair 37 mövzunu əhatə edən 101 elmi iş yerinə yetirilmişdir. Tədqiqatların ölçüləbilən meyarlar əsasında aparılmasında yeni yaradılmış Elm və innovasiyalar şöbəsi mühüm rol oynamağa başlamışdır.

Elmi fəaliyyətlə məşğul olmaq üçün imkanlar artırılmış və stimullaşdırıcı addımlar atılmışdır. 2019-cu ildə digər qurumların doktoranturalarında MDU üçün 15 məqsədli yer ayrılmışdır. Hazırda universitetin 27 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə müxtəlif universitetlərdə və AMEA-nın sahə institutlarında dissertant və doktorantdır. 300-dən artıq əməkdaşı olan universitetdə 185 professor-müəllim heyəti çalışır ki, onlardan 61 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi vardır.

Tədqiqat bacarıqlarının inkişaf etdirilməsi kontekstində, Təhsil Nazirliyi və Avropa İttifaqı tərəfindən icra edilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması”, “Tədqiqat metodologiyası”, “Texnoloji transfer və kommersiya”, “Sahibkarlıq və startap”, “Open Access” və digər mövzularda keçirilmiş təlimlər çox faydalı olmuşdur.

Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun profili yaradılmışdır. Profilə əsasən bu vaxta qədər əməkdaşların 9 məqaləsi “Web of Science®” bazasında indekslənən elmi nəşrlərdə dərc olunmuşdur. Onlardan 3-ü yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur. Məqalələr kimya mühəndisliyi, yanacaq energetikası, riyaziyyat və tətbiqi kimya sahələrinə aiddir. MDU-nun sözügedən baza üzrə göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə Clarivate Analytics şirkəti ilə sürətlə inkişaf etdirilən tərəfdaşlıq çərçivəsində universitetin əməkdaşları üçün müvafiq təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu sıradan təşkil olunan ilk vebinarda MDU-nun 70-dən artıq əməkdaşı iştirak etmişdir.

Tələbələrin startap fəaliyyətinə cəlb olunmasına diqqət artırılmışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Anlaşma Memorandumunun imzalanması bu sahədə mühüm uğur olmuşdur. Belə ki, Mingəçevir Yüksək Texnologiyalar parkında birgə yaradılmış “Simbioz” texnoloji biznes inkubatorda tələbələr fəal iştirak edirlər.

Dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin və mexanizmlərin tətbiqinə diqqət yetirilmişdir. İlk növbədə tələbələrin bütün səviyyələrdə idarəetmə prosesində fəal iştirakı təmin edilmişdir. Əsaslandırılmış struktur islahatları tədris prosesinin səmərəli təşkilinə, idarəetmədə paralelliyin aradan qaldırılmasına, innovativ fəaliyyətin effektiv qurulmasına, kadrların inkişafının əlaqələndirilməsinə, ictimaiyyətlə əlaqələr və kargüzarlıq işinin keyfiyyətinin yüksəldilməsinə imkan yaratmışdır.

İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılmış, universitetin rəhbər şəxslərinin qəbul qrafiki müəyyən edilmişdir. Rektorun iştirakı ilə qış imtahan sessiyasında 5 dəfə, yaz imtahan sessiyasında isə 7 dəfə online formatda keçirilən “Açıq qapı” günləri faydalı müzakirə platformasına çevrilmişdir.

Yeni qəbul olunmuş tələbələrin universitet həyatına daha çevik inteqrasiya ola bilməsi məqsədilə ilk dəfə “Oriyentasiya günü” keçirilmişdir. Pandemiya dövrünün məhdudiyyətləri nəzərə alınmaqla cari ilin 29 uyun tarixində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq MDU-da virtual “Məzun günü-2020” tədbiri təşkil edilmişdir.

Ölkə rəhbəri tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqətin yaratdığı imkanlardan faydalanmaqla, 1 sentyabr 2019-cu il tarixindən etibarən universitetdə aylıq əməkhaqqı orta hesabla 15 faiz artırılmışdır. MDU-nun 2 əməkdaşı Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı, 5 əməkdaşı isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Kadr hazırlığının məzmununu müasirləşdirmək məqsədilə Erasmus+ proqramından faydalanmaq istiqamətində addımlar atılmışdır. Bu proqram çərçivəsində payız semestrində 2, yaz semestrində isə 3 MDU tələbəsi İspaniyanın Vallodolid Universitetində təhsil almışdır. Bundan başqa, MDU “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+layihəsində də fəal iştirak edir.

MDU əməkdaşları Böyük Britaniyada, İsveçdə, Litvada və Koreyada təşkil olunan tədbirlərdə iştirak etmişlər. MDU Bolonya prosesi üzrə İşçi Qrupunun iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda (Moskva) və “Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda (Praqa) təmsil olunmuşdur.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramı, “ASAN Könüllüləri” təşkilatı, Mingəçevir Gənclər Evi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi ilə birgə bu istiqamətdə əhəmiyyətli işlər görülmüşdür. MDU “Region Könüllülərinin İnkişaf Forumu”nun təşkilatçılarından biri olmuşdur.

Universitetdə müvafiq istiqamətlər üzrə fəaliyyətin daha keyfiyyətli həyata keçirilməsində Təhsil Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və digər tərəfdaşların davamlı töhfəsi mühüm rol oynamışdır. Məhz bu qarşılıqlı faydalı tərəfdaşlıqlar yeni missiyanın başlandığı ilk tədris ilində MDU-nun modernləşməyə doğru inamlı addımlar atmasını şərtləndirmişdir.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət

Universitetinin rektoru

{phocagallery view=category|categoryid=424|limitstart=0|limitcount=0}