MDU-da şəhid məzun Əzəmi Hüseynova həsr edilmiş filmin təqdimatı keçirilib

2022-ci ilin 28 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunu Əzəmi Hüseynova həsr olunan “Yalnız irəli-3” sənədli filmin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi tərəfindən hazırlanan filmin təqdimatında şəhid ailəsi üzvləri, qazilər, şəhər ictimaiyyəti nümayəndələri, Birliyin əməkdaşları, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Filmin nümayişindən əvvəl, çıxışlarda şəhid Ə.Hüseynovun keçdiyi şərəfli ömür və döyüş yolu ilə bağlı xatirələrdən danışılıb, filmin ərsəyə gəlməsi və çəkiliş prosesindən bəhs edilib. Qeyd edilib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində fəaliyyətlər davamlı olaraq həyata keçiriləcəkdir. Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqətə görə təşəkkürlərini bildirib və filmin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

Şəhidin bacısı oğlu İlham Hüseynovun təqdimatında vətənpərvərlik mövzusunda şeir səsləndirildikdən sonra “Yalnız irəli-3” sənədli filmi nümayiş etdirilib.

Film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, filmin çəkilişi ilə əlaqədar olaraq cari ilin sentyabr ayında layihənin icraçı komandası Mingəçevir şəhərində səfərdə olub. Səfər çərçivəsində çəkiliş qrupu Ə.Hüseynovun ali təhsil aldığı MDU-da akademik və inzibati heyət üzvləri ilə görüşüb və şəhid məzunun tələbəlik dövrü ilə bağlı xatirələri qeydə alıblar.

Qeyd edək ki, Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. O, 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 44 günlük Vətən Müharibəsi zamanı 2020-ci ilin oktyabrın 8-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ə.Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da qəhrəman şəhidlərin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərin göstərdikləri şücaət nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün MDU-da Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb. Universitetin şəhid məzunu Ə. Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda Mərkəzin koordinatoru vəzifəsində çalışır.