Mingəçevir Dövlət Universitetində “Dayanıqlı balıqçılıq – həllər” mövzusunda startap yarışı keçirilib

  • Post category:MSU News

2025-ci ilin 8 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin Davamlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun təşəbbüsü ilə Energetika, Fizika və ekologiya, eləcə də Mexanika kafedralarının birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Yüksək Texnologiyalar Parkında “Dayanıqlı balıqçılıq – həllər” mövzusunda startap yarışı keçirilib.

Startap yarışının keçirilməsində əsas məqsəd balıqçılıq sektorunda ekoloji tarazlığın qorunması, su bioresurslarından səmərəli və davamlı istifadə, həmçinin bu sahədə innovativ texnoloji həllərin hazırlanması istiqamətində tələbələrin yaradıcı ideyalarını dəstəkləmək olub.

Yarışda universitetin müxtəlif kafedralarını təmsil edən tələbələr iştirak edərək komandalar şəklində balıqçılıq sahəsinin inkişafına yönəlmiş startap layihələrini təqdim ediblər. Ümumilikdə üç kafedranı təmsil edən beş komanda – Mexanika kafedrasından iki komanda, Energetika kafedrasından iki komanda və Fizika və ekologiya kafedrasından bir komanda yarışa qatılıb.

İştirakçılar tərəfindən təqdim olunan layihələr su hövzələrində balıq ehtiyatlarının monitorinqi, balıqçılıqda rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, ekoloji balansın qorunmasına yönəlmiş texnologiyalar, akvakultura sistemlərinin optimallaşdırılması və balıqçılıq təsərrüfatlarında enerji səmərəliliyinin artırılması kimi istiqamətləri əhatə edib. Startap ideyalarının hazırlanması zamanı iştirakçılar mühəndislik və ekoloji yanaşmaları birləşdirərək balıqçılıq sektorunda mövcud problemlərə praktik və tətbiq oluna bilən həllər təqdim etməyə çalışıblar.

Təqdim olunan layihələr münsiflər heyəti tərəfindən innovativlik, elmi əsaslandırma, praktiki tətbiq imkanları, ekoloji təsir və iqtisadi səmərəlilik kimi meyarlar əsasında qiymətləndirilib. Münsiflər heyəti tələbələrin multidissiplinar yanaşmasını, texnoloji və ekoloji bilikləri birləşdirərək hazırladıqları layihələri yüksək qiymətləndirib.

Yarışın nəticələrinə əsasən ən yaxşı startap ideyaları müəyyən olunub və qalib komandalar mükafatlandırılıb. Tədbir zamanı qeyd olunub ki, bu cür təşəbbüslər tələbələrin innovativ düşüncə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin universitetdə sahibkarlıq və startap ekosisteminin gücləndirilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər tələbələrin elmi biliklərinin praktiki tətbiqinə, innovativ startap ideyalarının formalaşmasına və region üçün əhəmiyyətli olan sahələrdə dayanıqlı həllərin hazırlanmasına mühüm töhfə verir.